Ankarada keçirilmiş mitinqdə beynəlxalq birliyə erməni vəhşiliyinə biganə qalmamaq çağırışı səslənmişdir
Ankara, 26 fevral (AZƏRTAC). Azərbaycan Tələbə və Məzunlar Birliyinin Ankarada təşkil etdiyi mitinqin iştirakçıları beynəlxalq birliyi erməni vəhşiliyinə biganə qalmamağa çağırmışlar.
Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Ankaranın Səhiyyə Meydanında təşkil edilən mitinqdə azərbaycanlı və türkiyəli gənclər, müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri, yerli sakinlər və şəhərin qonaqları iştirak etmişlər.
Mitinqdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Tələbə və Məzunlar Birliyinin tədbirdə səslənən bəyanatında qeyd olunmuşdur ki, 21 il əvvəl Xocalıda baş verənlər bütün beynəlxalq hüquq normalarına görə soyqırımıdır və beynəlxalq ictimaiyyət bu haqsızlığa biganə qalmamalıdır.
Türkiyənin ən nüfuzlu həmkarlar ittifaqlarından olan Kamusenin sədri İsmayıl Koncuk dünya birliyinin hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar mövqeyindən yanaşmasına kəskin etirazını bildirmişdir.
Aksiyada çıxış edənlər qeyd etmişlər ki, ermənilər beynəlxalq havadarları sayəsində hələ də işğal altında saxladıqları Azərbaycan torpaqlarından dərhal çıxmalıdırlar.
Tədbirdə digər qardaş türkdilli xalqların təmsilçiləri də iştirak etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara