Ankarada Türk dünyasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Ankara, 9 dekabr, AZƏRTAC
Ankara Sosial Elmlər Universitetində (ASBU) dekabrın 9-da “Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi və Türk dünyasının gələcəyi” mövzusunda panel müzakirələri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycandan diplomatlar, siyasi partiya nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər.
Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Nazim Cəfərsoy və “Xəzər” Universitetinin dosenti Orxan Vəliyev çıxışlarında Türk dünyasında əməkdaşlıq və birgə səylərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrə ASBU-nün professoru Elem Eyrice Tepecikoğlu mediatorluq edib.
Cavid Vəliyev çıxışında TDT məkanında inteqrasiya proseslərinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan TDT-ni “strateji əməkdaşlıq platforması” kimi qiymətləndirir. O bildirib ki, 2040-cı ilədək TDT-yə üzv ölkələrin daha sıx konsolidasiya və ittifaq ideyasına yaxınlaşması mümkündür. Cavid Vəliyev Prezident İlham Əliyevin “Türk dünyası bizim ümumi ailəmizdir” sözlərini xatırladıb. “Azərbaycan TDT-nin effektiv beynəlxalq aktora çevrilməsinin tərəfdarıdır. Türk dövlətlərinin təkcə Türk dünyasında deyil, həm də dünyanın müxtəlif bölgələrində problemləri həll edən və çağırışları aradan qaldıran bir təşkilata ehtiyacı var”, – deyə o diqqətə çatdırıb. Həmçinin vurğulayıb ki, TDT hər hansı digər dövlətə qarşı yönəlməyib və əməkdaşlığa açıqdır. Cavid Vəliyev Türk dünyasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri sırasında müdafiə və təhlükəsizlik sahələrini də qeyd edib. “Azərbaycan 30 il ərzində işğala qarşı mübarizə aparıb, Türkiyə onilliklərdir terrorizmlə mübarizə aparır. Təhlükəsizlik problemləri ilə digər ölkələr də üzləşir”, – deyən İdarə Heyətinin üzvü “Türk dünyasının birgə ordusu” ideyasının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Nazim Cəfərsoy çıxışında Türk dünyasının qarşısında duran çağırışlar, o cümlədən iqtisadi sahədə mövcud problemlər barədə danışıb. O, TDT məkanında qarşılıqlı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, türk dövlətlərinin strateji və qlobal əhəmiyyəti gələcək illərdə daha da artacaq.
Orxan Vəliyev isə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə yaranmış yeni imkanlara toxunub, Türk dünyasının inkişaf perspektivləri və TDT-nin qarşısında duran ümumi çağırışlarla bağlı fikirlərini bölüşüb.
Azərbaycanlı ekspertlər panel iştirakçılarının suallarını cavablandırıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara