Anna Fotiqa: Polşa hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəkləyir
Bakı, 21 may, AZƏRTAC
Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini artırmalıdır.
Bu fikirlər ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri xanım Anna Fotiqa ilə mayın 21-də Müdafiə Nazirliyində keçirilən görüşdə səsləndirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlardan, o cümlədən beynəlxalq konvensiyalarla qadağan olunan sursatdan istifadə edilməsi faktları qonağın diqqətinə çatdırılıb. Həmçinin Azərbaycanın beynəlxalq birlik, o cümlədən Avropa təsisatları tərəfindən tanınan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında qalması, bunun nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyü, danışıqlar prosesinin nəticəsiz qaldığı barədə qonağa ətraflı məlumat verilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq vurğulayıb ki, Polşa hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəkləyir. Sülhməramlı əməliyyatlara verdiyi töhfəyə, Əfqanıstandakı missiyasını peşəkar səviyyədə icra etdiyinə görə Azərbaycana dərin minnətdarlığını bildirən A.Fotiqa ölkəmizin terrorizmə qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib.
Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə Azərbaycanın önəm verdiyini vurğulayan qonaq ölkəmizin ciddi və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib.
Sonda qonağı maraqlandıran suallar cavablandırılıb.