ELM VƏ TƏHSİL
Antikorrupsiya davranış modelinin formalaşdırılması – təlim
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Elm və Təhsil Nazirliyinə tabe qurumların əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova təlimin əhəmiyyətindən danışıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri Nigar Qələndərli mərkəzin fəaliyyəti, qurumlararası əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, birgə təlimlərin dövlət qurumları əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyini bildirib.
Prokurorlar Ziya Hacıyev, Fərid Qarakişiyev, Kamil Kamilli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti, ölkəmizdə həyata keçirilən kompleks və ardıcıl islahatlar, antikorrupsiyaya dair müxtəlif ölkələrin qabaqcıl təcrübəsi barədə danışıb, korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər, korrupsiyanın cəmiyyətə təsiri və onunla mübarizənin zəruriliyindən bəhs ediblər.
Daha sonra çıxışlar ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.