Aprelin 4-də keçirilən ağacpaylama aksiyası zamanı 12 mindən çox ting paylanılıb
Bakı, 4 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirdiyi yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlifcinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti aksiya aprelin 4-də Bakının Xətai, Nizami, Sabunçu rayonlarında, həmçinin Xırdalan, Sumqayıt və Qubada keçirilib. Aksiya zamanı vətəndaşlara 12 mindən çox müxtəlifcinsli ağac tingləri paylanılıb, həmçinin nazirliyin mütəxəssisləri onların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr veriblər. Aksiyanın keçirilməsində məqsəd insanların təbiətə olan münasibətini dəyişmək və ağac əkilməsinin təşviqidir.
Paytaxt sakini Qaçay Əsədov aksiyanın keçiriləcəyini kütləvi informasiya vasitələrindən eşitdiyini bildirib: “Mən də ağac tinglərindən bir neçəsini götürdüm. Onları evimin həyətində əkəcəyəm. Mütəxəssislər bizə ağacların əkilməsi və düzgün qulluq edilməsi qaydalarını da başa salıblar. Belə aksiyalar həm ətraf mühitin sağlamlaşdırılmasına, həm də yaşıllıq sahələrinin artırılmasına kömək edəcək. Təşəbbüsə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlığımı bildirirəm. Gün o gün olsun ki, işğal olunmuş torpaqlar təcavüzkar ermənilərdən azad edilsin və belə aksiyalar həmin torpaqlarda keçirilsin. Biz də ağac əkməklə tarixi torpaqlarımızda yaşıllıqlar salaq”.
Nazirlik ağacəkmə kampaniyalarında iştirak edən dövlət və özəl qurumlara, rayon icra hakimiyyətlərinə, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz minnətdarlığını bildirir.