“AQRAR SEKTORUN İNKİŞAFINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA
AZƏRTAC xəbər verir ki, “Yeni Həyat - İqtisadi İnkişaf” İctimai Birliyi (İB) iyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində “Aqrar sektorun inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbirdə İB-nin sədri Müşfiq Həsənov, Siyasi Partiyalarin Məşvərət Məclisinin sədri Məmməd Əlizadə, AMEA-nın İqtisad İnstitutunun şöbə müdiri İsa Aliyev və başqaları çıxış edərək bildirmişlər ki, son dövrlər respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar öz müsbət nəticələrini göstərməkdədir.
Vurğulanmışdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrimiz ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dünya təcrübəsinə istinadla qeyd olunmuşdur ki, mətbu orqanları sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, aqrar sektorun inkişafında da önəmli rol oynayırlar. KİV-lər bu sahə ilə məşğul olan elm və iş adamlarına öz səhifələrində geniş yer ayırmaqla ictimaiyyətə aqrar sektorun inkişafı barədə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə şərait yaradırlar.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi xalqımızın maarifləndirilməsi işinə məhz 132 il bundan oncə “Əkinçi” qəzetinin səhifələrində əkinçilik mədəniyyətinin təbliği ilə başlamışdır.
Dəyirmi masada mətbuatda aqrar sahənin inkişafı, hazırkı durumu və perspektivləri, əhali arasında maarifləndirici tədbirlərin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda tədbirın təşkilatçıları qarşıdan gələn Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik etmişlər.