Aqrar sığorta müqaviləsinin imzalanma mərasiminə həsr olunmuş tədbir keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Aqrar Sığorta Fondunda ölkəmizdə aqrar sığorta müqaviləsinin imzalanma mərasiminə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov cəbhəyanı bölgədə erməni təcavüzü nəticəsində sahibkarlara və kənd təsərrüfatına dəyən ziyan barədə məlumat verib. Nazir, eyni zamanda, aqrar sığorta mexanizmi barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, aqrar sığorta mexanizminin işə düşməsi fermer və sahibkarların işini asanlaşdıracaq, bu sahədə sərmayə yatırımı ilə yanaşı, ümumilikdə, kənd təsərrüfatı sektorunun inkişafına da təkan verəcək.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb. Noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi imzalanıb.