AQTA sədri: Hazırda antimikrob rezistentliyi xüsusi narahatlıq yaradan problemdir
Bakı, 14 sentyabr, AZƏRTAC
Hazırda qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alimentarius Komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması və yeni normaların hazırlanması işləri səylə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Alimentarius Kodeksinin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, son dövrlər dünyada, o cümlədən Azərbaycanda aktual məsələ antimikrob rezistentliyi xüsusi narahatlıq yaradan problemdir: "Antibiotiklərə davamlı patogenlərin yaranması və yayılması antimikrob müqavimətə gətirib çıxarır. Bunun yaranmasına əsas səbəb kimi isə antibiotiklərin, baytarlıq preparatlarının həddən artıq, kortəbii şəkildə istifadəsi, çirkab və suvarma suları vasitəsilə antibiotik və antibiotikə davamlı bakteriyaların ətraf mühitə buraxılması nəticəsində təmiz içməli suya əlçatanlığın olmamasını göstərmək olar. Bu səbəbdən də insan, heyvan və ətraf mühitin sağlamlığının bir-birindən asılı olduğunu qəbul edərək, bu sahələrdəki problemlər ayrı-ayrılıqda deyil, birgə yanaşma ortaya qoyulmaqla həll olunmalıdır".
Q.Təhməzli qeyd edib ki, eyni zamanda, müasir dünyada qida təhlükəsizliyinin təmin olunmasında “Vahid Sağlamlıq” konsepsiyası yanaşması aktual məsələyə çevrilib. "Vahid Sağlamlıq" insanların, heyvanların və ətraf mühitin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq üçün inteqrasiya olunmuş vahid yanaşmadır. Bu yanaşma tətbiq olunmaqla, problemlərin köklü səbəblərini aradan qaldıran, uzunmüddətli və davamlı həll yolları formalaşdıran yeni və daha qabaqcıl ideyalar hazırlanır. Bu yanaşma xüsusilə qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə üçün aktualdır. “Vahid Sağlamlıq” yanaşması lokal, milli, regional və qlobal səviyyədə tətbiq olunaraq sağlamlığa qarşı müasir çağırışları və təhdidləri həm başa düşməyə, həm də onların həlli istiqamətində görülməli olan tədbirləri müəyyən etməyə imkan verir.