AQTA və Rusiyanın müvafiq qurumunun nümayəndə heyətləri arasında görüş keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər arasında Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması, həmçinin təsərrüfatlarda keçirilən birgə videomonitorinqlərin sayının artırılması müzakirə olunub.
Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlərin məsələnin həlli istiqamətində əhəmiyyətindən bəhs edib.
Videokonfransda bitki mühafizə tədbirləri həyata keçirilmiş ərazilər və sağlamlaşdırılmış təsərrüfatlarla bağlı təqdim olunmuş məlumatlara uyğun olaraq təkrar videomonitorinqlər aparılmadan həmin müəssisələrdən Rusiya Federasiyasına pomidor tədarükünə icazə verilməsi, laboratoriya səriştəlik testində birgə iştirak, həmçinin Rusiya Federasiyasından ölkəmizə taxıl məhsulları tədarük edilərkən, “Rosselxoznadzor” tərəfindən verilmiş fitosanitar sertifikatların həqiqiliyinin yoxlanılması proseduru ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Vyaçeslav Semyonov həyata keçirilən birgə nəzarət tədbirlərini yüksək qiymətləndirib və bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.