AQTİ-də qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan əməkdaşlar üçün təlimlər keçiriləcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimlərə başlayır.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, peşəkar mütəxəssislərin aparacağı təlimlərdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələr, onların materialı və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat veriləcək.
Təlimlərdə iştirak edənlər qida məhsullarının çirklənmə növləri və mənbələri, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, həmin nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılacaq.
Qeyd edək ki, təlimlərlə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslər (012) 565 12 72 (daxili: 907) nömrəli telefona zəng edə bilərlər. Təlimlərin sentyabrın 11-dən etibarən başlanması nəzərdə tutulur.