CƏMİYYƏT
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 39 santimetr artıb
Bakı, 6 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın çaylarında, xüsusən də Balakən-Şəki ərazisindən axan çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-180 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, mayın 6-da yağan yağışla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 592 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan az olmaqla onun 82 faizini təşkil edir.
Yağan yağışla əlaqədar Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 148 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 75 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 39 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 360 kubmetrdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 85 faizini təşkil edir.
Mayın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 13 santimetr azalaraq 472 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 18 santimetr azalaraq 265 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 16 santimetr azalıb və 303 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 8 santimetr azalaraq 251 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr azalaraq 215 santimetrə bərabər olub.