ARDNŞ-DƏ PEKİN YAY OLİMPİYA OYUNLARINA VƏSİQƏ QAZANMIŞ İDMANÇILARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Pekin Yay Olimpiya oyunlarına vəsiqə qazanmış idmançıları ilə görüşmüşdür.
Prezident İlham Əliyevin idmana və idmançılara böyük diqqət və qayğısından danışan “Neftçi” İSM-in rəhbəri Sadıq Sadıqov demişdir ki, bunun nəticəsində bizim idmançılarımız da yüksək nailiyyətlər əldə etmişlər. Gənclər və İdman Nazirliyinin ilin ən yaxşı idman mərkəzi, məşqçisi və idmançısı nominasiyalarında “Neftçi” İSM-i qalib elan etməsi bunun bariz nümunəsidir. Əminik ki, idmançılarımız Pekin Olimpiadasından Vətənə üzüağ qayıdacaqlar.
Gənclər və idman naziri Azad Rəhimov görüşün təşkilinə görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirərək demişdir ki, olimpiadaya 44 lisenziyadan 26-nın “Neftçi” idman mərkəzinin yetirmələri tərəfindən qazanılması sevindirici haldır. Ölkəmizin idman uğurlarından ətraflı danışan nazir Olimpiya oyunları iştirakçılarının bütün dünya azərbaycanlılarının diqqət mərkəzində olacaqlarını vurğulamış və onlara uğurlar arzulamışdır.
Yunan-roma güləşi üzrə Olimpiya yığmasının məşqçisi Elçin Cəfərov və cüdo üzrə paralimpiya yığmasının məşqçisi Əhməddin Rəcəbli görüş iştirakçılarını əmin etmişlər ki, Azərbaycan bayrağının yüksəklərə qaldırılması üçün əllərindən gələni edəcəklər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, indi Azərbaycan idmanı çox sürətlə inkişaf edir. Bu inkişafın təməlini ulu öndər Heydər Əliyev hələ XX əsrin 70-ci illərində qoymuşdur. İdmanımızın növbəti yüksəliş dövrü isə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi və İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi dövrünə təsadüf edir. R.Abdullayev Azərbaycan idmanının inkişafına göstərdiyi qaygıya görə ölkə Prezidentinə dərin təşəkkürünü bildirmiş, bütün neftçilər adından Azərbaycanın Olimpiya yığma komandasının üzvlərinə Pekində qələbələr arzulamışdır.