İQTİSADİYYAT
ARDNŞ-də Yaponiyanın iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun Yaponiyanın iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşü olmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Elşad Nəsirov Azərbaycanın qədim neft və qaz diyarı olduğunu bildirmiş, dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığını, neftin tankerlərlə, dəmir yolu və boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını qeyd etmişdir. O, Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlərdən söz açmış, qısa müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldığını diqqətə çatdırmışdır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynadığını diqqətə çatdıran Elşad Nəsirov bu istiqamətdə həyata keçirilən layihələr sırasında “Cənub” qaz dəhlizinin əhəmiyyətini önə çəkmişdir. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanmış, artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin alıcıları olacaq Avropa şirkətləri ilə müqavilələrin imzalandığı qonaqların diqqətinə çatdırılmışdır.
Yaponiya şirkətlərinin Azərbaycan sənayesində, xüsusilə neft sektorunda uğurla fəaliyyət göstərdiklərini qeyd edən Elşad Nəsirov Dövlət Neft Şirkətini dünyanın nüfuzlu neft-qaz şirkətləri ilə bağlayan səmərəli əməkdaşlıq əlaqələri haqda qonaqlara məlumat vermiş, qeyd etmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Yaponiyanın “İtoçu” şirkəti də ölkəmizə maraq göstərən ilk şirkətlərdən olmuşdur. Bildirilmişdir ki, Azərbaycanda xarici şirkətlərin investisiya layihələri həyata keçirmələri üçün əlverişli mühit yaradılmışdır.
Daha sonra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.