Arif Əsədov: “Qarabağ” cavab matçına ilk oyundakından daha yaxşı köklənib
Bakı, 31 avqust, AZƏRTAC
İlk oyundakı qələbə bizi “Qarabağ”ın növbəti mərhələyə keçəcəyinə dair ümidləndirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Arif Əsədov “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində bu gün Bakıda Sloveniyanın “Olimpiya” komandasına qarşı keçirəcəyi cavab oyunu barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis bildirib ki, Lyublyanadakı qalibiyyətə baxmayaraq, arxayınlaşmaq olmaz: “Bunu həm komandanın baş məşqçisi, həm də futbolçular yaxşı başa düşürlər. Bilirlər ki, arxayınlıq olsa, nəticə əldə oluna bilməz. İnanıram ki, “Qarabağ” öz gücü hesabına cavab matçında da rəqibi üstələyib qrupa düşəcək. Səfərdəki qələbənin “Qarabağ”ın əleyhinə işləyəcəyini düşünmürəm. Çünki komandanın kifayət qədər avrokubok təcrübəsi var. Əksinə, “köhlən atlar” cavab görüşünə ilk oyundakından daha yaxşı köklənib. Ümid edirəm ki, təmsilçimiz hər hansı problemlə üzləşməyəcək”.
Təcrübəli məşqçinin sözlərinə görə, “Olimpiya” ilə cavab oyununda Şahruddin Məhəmmədəliyev və ya Luka Quqeşaşvilinin qapını qorumaq şansı daha çoxdur: “Xüsusilə Quqeşaşvilinin bu mənada bir addım öndə olduğunu düşünürəm. Çünki ilk matçda da özünü yaxşı tərəfdən göstərdi. Ancaq yenə də buna baş məşqçi qərar verəcək”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Olimpiya” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb.