Arıqladıcı dərman istehsalçısı qısa müddətə Avropanın ən bahalı şirkətinə çevrilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Avropanın ən bahalı şirkətləri siyahısının lideri qısa müddətə dəyişib - “Louis Vuitton” və “Dior” şirkətlərinin sahibi birinciliyi Danimarkanın “Novo Nordisk” əczaçılıq şirkətinə verməli olub. Şirkətin aksiyaları çəkinin azaldılması üçün istifadə edilən inyeksiya preparatlarına olan yüksək tələbat ajiotajının fonunda sürətlə bahalaşıb. Analitiklərin fikrincə, bu preparatlar əczaçılıq tarixində ən çox satılan dərman vasitələrinin siyahısına daxil ola bilər.
AZƏRTAC xəbər verir ki, Danimarkanın populyar arıqladıcı preparatlar istehsal edən “Novo Nordisk” şirkəti qısa müddətə Fransanın təmtəraqlı bəzək əşyaları istehsalçısı olan “LVMH” firmasını qabaqlayaraq Avropanın ən bahalı kompaniyasına çevrilib. Cümə günü Kopenhagendə qiymətli kağızlar birjasının açılışında “Novo Nordisk”in səhmlərinin bir ədədi 1287,4 Danimarka kronuna yüksəlib. Səhmlərin qiymətinin bahalaşması nəticəsində şirkətin ümumi səhmlərinin bazardakı kapitalı 421 milyard dollara çatıb. “LVMH” şirkətinin səhmlərinin bir ədədi isə Parisdə həmin vaxt 772,6 dollara qədər ucuzlaşıb və holdinqin bazar kapitalı 420,6 milyard dollara bərabər olub.
Bloomberg qeyd edir ki, “Novo Nordisk”in səhmləri 2018-ci ilin iyun ayından bəri dörd dəfədən artıq bahalaşıb. Bunun səbəbi isə şirkət tərəfindən istehsal edilən və GLP-1 (qlükanabənzər peptid-1) hormonunun təsirini imitasiya edən “Wegovy” və “Ozempic” inyeksiya preparatlarının əldə etdikləri uğurla əlaqədardır. Daha əvvəl bu maddə şəkərli diabeti olan insanlara qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa kömək edən hormon kimi təsnif edilirdi. Sonra isə məlum oldu ki, hormon beyinin iştahanı və qida qəbulunu tənzimləyən nahiyəsinə təsir göstərir və insanlara artıq çəkilərindən azad olmağa kömək edir.
Bəzi analitiklərin bildirdiyinə görə, belə arıqladıcı preparatlar əczaçılıq tarixində ən çox satılan dərman vasitələrinin siyahısına daxil ola bilər. Bu vasitələr o qədər populyarlaşıb ki, bir çox ölkələrin səhiyyə orqanları “Ozempic”in inyeksiyadan asılı vəziyyətdə olan şəkərli diabet xəstələri üçün əlçatan vasitə ola bilməyəcəyindən narahatlıq hissi keçirərək həyəcan təbili çalmağa başlayıb.
“Novo Nordisk”in səhmlərinin bahalaşmasına impuls verən daha bir səbəb, nəticələri avqust ayında açıqlanan tədqiqatla əlaqədardır. Tədqiqatın nəticələrinə əsasən, “Wegovy” preparatı ürək xəstəliklərinə tutulma riskini 20 faiz azaldır.
Şəkərli diabet xəstələri üçün öz arıqladıcı “Mounjaro” preparatından istifadənin ABŞ-ın tənzimləyici orqanları tərəfindən təsdiq edilməsini gözləyən “Eli Lilly” şirkəti “Novo Nordisk” ilə rəqabətə girməyə hazırlaşır. “Novo Nordisk” və “Eli Lilly”nin bazarda dominantlıq etməsi məsələsini şərh edən analitiklər piylənmə əleyhinə olan preparatlar bazarında “struktur duopoliyası” (konkret məhsulun yalnız iki istehsalçı şirkət tərəfindən satışa çıxarılması) yarana biləcəyini bildirirlər.