Armin Laşet: Sülh prosesi sayəsində Azərbaycan üçün tamamilə yeni imkanlar yaranıb VİDEO
Münxen, 14 fevral, AZƏRTAC
Sülh prosesi sayəsində Azərbaycan üçün tamamilə yeni imkanlar yaranıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Bundestaqının xarici siyasət komitəsinin sədri Armin Laşet Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib.
“Prezident İlham Əliyev ilə çox yaxşı söhbətimiz oldu və məhz bu məsələlər ətrafında müzakirələr apardıq. Vəziyyət tamamilə dəyişib. Sülh prosesi sayəsində Azərbaycan üçün tamamilə yeni imkanlar yaranıb. Türkiyə ilə Ermənistan və Azərbaycan ərazisindən Mərkəzi Asiyaya gedən əlaqə var, buna yeni “Tramp yolu” deyilir. Eyni zamanda, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə yaxşı münasibətlərə malik olması ilə bağlı siyasi iradə mövcuddur. Azərbaycan indi Ermənistan ilə sülh əldə edib və beləliklə, bölgədə daha önəmli dövlətə çevrilib”, - deyə A.Laşet qeyd edib.
Görüşdə Azərbaycanın regionda sülh təşəbbüslərinin də müzakirə olunduğunu vurğulayan Bundestaqın komitə sədri bildirib: “Suriya indi keçid prosesindədir və Azərbaycan bu ölkəyə həm qaz, həm də siyasi məsləhətlə dəstək verir. Çünki Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanlar sülh şəraitində mədəni dialoq aparırlar və məhz bu, digər ölkələrin indi ehtiyacı olan bir nümunədir. Fikrimcə, Azərbaycanın önəmi əhəmiyyətli dərəcədə artıb və bu, Avropa ictimaiyyətinə daha yaxşı izah etməli olduğumuz bir məsələdir”.
Azərbaycanın Almaniyaya qaz ixracına başlamasına da toxunan A.Laşet deyib: “Bu, Almaniyada müzakirə etdiyimiz bir mövzudur. Bizdə bir çox əməkdaşlıq formatları var və bunlar hələ başlanğıc mərhələsindədir. Hesab edirəm ki, Avropa İttifaqı, xüsusən də Almaniya olaraq daha çox iş görməliyik. Həmçinin yollar tapmalıyıq ki, daha çox şirkəti Azərbaycana investisiya qoymağa təşviq edək, çünki investisiya və enerji əməkdaşlığı bir-biri ilə bağlıdır”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Münxen