ARTIQ QAYDASIZ DÖYÜŞ YARIŞLARINDA AZƏRBAYCANIN DA KOMANDASI İŞTİRAK EDƏCƏKDİR
Bakı, 31 avqust (AZƏRTAC). Sankt-Peterburqda “M-1- FIGHTER” layihəsi reallaşdırılmış, qarışıq təkbətək döyüş üzrə ilk idman realiti-şousunda “güclülərin güclüsü” adı uğrunda yarış keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mübarizədə 6 ölkədən 20 ən yaxşı döyüşçü qarşılaşmış, beş qalib beynəlxalq M-1 (qaydasız döyüş) turnirlərində iştirak etmək hüququ qazanmışdır.
Qaliblər arasında Azərbaycan təmsilçisi Şəhriyar Abbasov da vardır. O, 84 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə çalmışdır. Azərbaycanın ən gənc təmsilçisi, 20 yaşlı Vüsal Bayramov isə 70 kq çəki dərəcəsində 2-ci yeri tutmuşdur.
M-1-in məşqçisi və Azərbaycandakı rəsmi nümayəndəsi Kənan Məmmədov, döyüşçülər Şəhriyar Abbasov və Vüsal Bayramov avqustun 31-də mətbuat konfransı keçirmişlər.
Konfransı giriş sözü ilə açan K.Məmmədov demişdir: mən elə düşünürəm ki, bu layihə Azərbaycan idmançılarının dünya arenasında daha da çox tanınması üçün və öz sözlərini layiqincə deməsi üçün bir şans idi. Onlar bu işin öhdəsindən layiqincə gəldilər.
Şəhriyar Abbasov öz rəqiblərindən danışaraq bildirmişdir ki, həlledici görüşdə rəqibim rusiyalı Ruslan Xasxanov idi. Qarşılaşmadan əvvəl düşünürdüm ki, əgər mən bu döyüşdə uduzsam bir daha döyüşməyəcəyəm. Ruslan son döyüşdən imtina etmək istədi, lakin mən onu rinqə çıxmağa məcbur etdim.
Vüsal Bayramov bildirmişdir ki, mən bu layihədə ən gənc döyüşçü kimi iştirak etdim. Finala qədər gəlib çıxdım. Burada Ukrayna təmsilçisi Vadim Xaytulova uduzdum. Gələcək yarışlarda qalib olacağıma söz verirəm”.
Kənan Məmmədov qeyd etmişdir ki, əsas məqsədimiz M-1 Qlobal ilə müqavilə imazalamaq idi. Artıq müvafiq müqavilə imzalanmış, Azərbaycan üçün rəsmi nümayəndəlik alınmış və ölkəmiz Dünya MMA liqasına qəbul olunmuşdur. Ölkəmizi bu yarışlarda Vüsal Bayramov (70 kq), Xamis Məmmədov (76 kq), Şəhriyar Abbasov (84 kq) və Bəxtiyar Abbasov (94 kq) təmsil edəcəklər. Komanda şəklində ilk döyüşümüz oktyabr ayında keçiriləcəkdir.
Həmçinin V.Bayramov və Ş.Abbasov ABŞ-da M-1 beynəlxalq turnirinə dəvət almışlar.
Məlumat verilmişdir ki, qaydasız döyüş üzrə dünya çempionu Fyodor Yemelyanenko bu ilin sonunadək Azərbaycana gələcəkdir. Səfər zamanı qaydasız döyüş idmanının Azərbaycanda inkişafı və digər məsələlər müzakirə olunacaq, seminarlar keçiriləcəkdir.
Sonda Kənan Məmmədov əlavə etmişdir ki, hazırda ölkəmizin bütün ərazisini bu idman növü ilə əhatə etməyi qarşımıza məqsəd qoymuşuq.
######
