RƏSMİ XRONİKA
ARXEOLOGİYA MUZEYİ, TARİX-MEMARLIQ ABİDƏLƏRİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da İordaniyanın paytaxtı Əmmanda tarixi məkan hesab olunan Sitadel şəhərciyinə gəldi.
Prezident İlham Əliyevi Arxeologiya muzeyinin önündə İordaniyanın turizm naziri Usamə Ald Abbas qarşıladı.
Dövlətimizin başçısı burada yerləşən muzeylə, Herkules məbədi, Bizans kilsəsi ilə, qədim məscid və sarayla yaxından tanış oldu.
Muzeyin direktoru məlumat verdi ki, burada regionda mövcud olmuş bütün tarixi dövrlərə aid materiallar toplanmışdır.
Prezident İlham Əliyev eramızdan əvvəlki minilliklərə aid heykəllərə, daşdan, şüşədən hazırlanmış sənət nümunələrinə, müxtəlif növ geyim formalarına baxdı. Bildirildi ki, bu ərazidə Bizans imperiyasından qalmış kilsə, Əməvilər xilafətindən qalmış saray, su çənləri, məscid və dükanlar da vardır. Arxeoloji və geoloji qazıntılar zamanı tapılan və Paleolit, Neolit, Eneolit və Tunc dövrlərinə, habelə Roma imperiyası zamanına aid eksponatlar böyük maraq doğurur.
Azərbaycan Prezidenti xüsusi bölmələrdə İslam dövrü mədəniyyətini əks etdirən yazılı sənədlərə, pul nişanlarına və bəzək əşyalarına baxdı, muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı Herkules məbədinə, Bizans kilsəsinə, saray və məscidə, qədim tarixi yaşadan amfiteatra tamaşa etdi.
Məlumat verildi ki, İordaniya paytaxtının adı ilk vaxtlar Rabat Ammon olub. Romalılar bu ölkəni zəbt edəndən sonra Filadelfiya, Xilafət dövründə isə Əmman adlandırılmışdır. Bu ərazi qala divarları ilə əhatə olunmuşdur. Bütövlükdə il ərzində bu tarixi yerləri görməyə gələnlərin sayı 270 min nəfərdən çox olur. Bunun 70 mini ərəb ölkəsindən gələn turistlərdir.