DÜNYA
Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır
Tbilisi, 3 noyabr, AZƏRTAC
“Mən Prezidentə, müxalifətdən olan qadınlara, etiraz aksiyası keçirmək üçün küçələrə axışan insanlara müraciət edirəm. Bu aksiyalar bizə nə verəcək? Seçkilərdə qalib gələn insanların da səbri daşa bilər, onlar da çox dözümlü deyillər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bodbelya arxiyepiskopu Yakob deyib. Onun sözlərinə görə, seçkilərdə qalib gələn xalq da seçimindən əl çəkməyəcək.
“Nə vaxta qədər başqalarının mərhəmətində olmalıyıq? Seçkilərdə iki qüvvə mübarizə aparırdı. Onlardan biri deyirdi ki, arxayın get, iqtisadiyyata, təhsilə bax, harasa girmək vaxtı gələndə minnət qoymadan biz o birliyə daxil olacağıq. İkinci qüvvə isə bizə deyirdi ki, siz bizimlə deyilsinizsə, siz russunuz, qanun və hökumət rusdur, səs verənlər də rusdur. Gürcü xalqı seçim etdi və bu yalana inanmadı”, – deyə arxiyepiskop Yakob vurğulayıb.
Din xadimi bir daha Prezidentə və qadın müxalifətçilərə müraciət edərək deyib ki, “əcnəbiləri razı salmaq” üçün danışmaq lazım deyil.
Arxiyepiskopun sözlərinə görə, kilsə həmişə gürcü xalqının yanındadır.
“Mən bilirəm ki, münasibətlər yoluna qoyulacaq. Xalqımız təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Elə məsələlər var ki, onları kompromis yolu ilə həll etmək olur. Ona görə də deyirəm ki, tezliklə aramızda sülh bərqərar olacaq və gəlin elə yaşayaq ki, cəmiyyət parçalanmasın, əksinə birləşsin”, – deyə arxiyepiskop Yakob vurğulayıb.