ASAN könüllülərinin Karyera Sərgisində 50-dən çox şirkət vakansiyalarını təqdim edib
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı, “Azərikard” MMC-nin dəstəyi ilə ASAN könüllülərinin 3-cü Karyera Sərgisi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək və müəssisələrə mövcud iş vakansiyaları haqqında məlumat verməsi üçün şərait yaratmaqdır.
Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində könüllülərə məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb.
Ümumilikdə tədbirdə 50-dən çox şirkət 100-dən çox nümayəndəsi vasitəsilə vakansiyalarını təqdim edib.
ASAN könüllülərinin işlə təmin edilməsi məqsədilə yaradılmış “ASAN kadr” karyera mərkəzi artıq 7 ildir ki, fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzlərində könüllü olmuş gənclərin yalnız dövlət xidmətlərinin göstərilməsi deyil, həmçinin şəxsi və karyera inkişafına yönəlmiş fəaliyyətdə iştirakı əsas istiqamətlərdən biridir. "ASAN kadr" çərçivəsində bu günə kimi 3300-dən çox gənc işlə təmin olunub.