“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Türkiyəyə yardım aksiyasına qoşulub
Bakı, 11 fevral, AZƏRTAC
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə yardım aksiyasına qoşulub.
Mədəniyyət Ocağından AZƏRTAC-a bildirilib ki, Türkiyədə dağıdıcı zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dövlətlər, təşkilatlar və insanlar səfərbər olub. Belə bir məqamda ən tez köməyə yetişən Azərbaycan oldu. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk yardımlar və xilasedicilər qardaş köməyinə tələsdi və yardımlar bu gün də davam edir.
Bu gün etnik mənsubiyyətindən, milli maraqlarından asılı olmayaraq, bütün xilasetmə qrupları dağıntıların altından can qurtardığı zaman uşaq kimi sevinir, faciəyə şahid olduqlarında isə kədərlərini gizlədə bilmirlər.
“Bu faciədə təkcə Azərbaycan dövləti deyil, Azərbaycan xalqı da bir nəfər kimi Türkiyənin yanındadır, qardaş-bacılarımızın acısını bölüşür.
Hər zaman xeyirxah missiyalarda yaxından iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı bu missiyaya da qoşulub. Mədəniyyət Ocağı zəlzələdən əziyyət çəkən, qışın soyuğundan qorunmağa çalışan insanlar üçün 2 min ədəd ədyal göndərib. Mədəniyyət Ocağı bundan sonra da yardımlarını davam etdirəcək.
Əziz türk qardaşlarımızın acısı bizim də acımız, sevincləri sevincimizdir. İnanırıq ki, böyük türk milləti bu imtahandan da üzüağ çıxacaq”, - deyə məlumatda bildirilib.