AŞPA-nın iclasında pandemiya dövründə insan haqlarının qorunması ilə bağlı müzakirələr aparılıb
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 10-da AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin onlayn formatında növbəti iclası keçirilib. Toplantıda “Böhran və pandemiya dövründə insan haqlarının qorunması: gender bərabərliyi və ayrı-seçkilik”, “Süni intellektdən istifadənin yaratdığı ayrı-seçkiliyin qarşısının alınması” kimi aktual məsələlərlə bağlı mühazirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, iclasda ölkəmizi təmsil edən Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva çıxış edərək süni intellektlə bağlı fikirlərini bölüşüb. İlkin hesabata istinad edən deputat süni intellektin həyat tərzimizi dəyişdirməsi faktını təsdiqləyərək, eyni zamanda, onun bir çox müsbət tərəflərinin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, süni intellekt irq və ya gender əsasında ayrı-seçkiliyi aşkarlamağa kömək edir, eyni zamanda, xəstələrin ümumi sağlamlıq vəziyyətini yoxlamaq və təhlükəli xəstəlikləri qabaqcadan təyin etmək üçün səhiyyə sektorunda tətbiq edilə bilər. Bununla yanaşı, süni intellekt təmiz, faktiki olaraq sonsuz bir nüvə istilik enerjisini inkişaf etdirmək səylərini sürətləndirir. Qeyd edilib ki, qərəz və ayrı-seçkilik süni intellekt vasitəsilə yayıla bilər, çünki mövcud ayrı-seçkiliyə qarşı qanunlarla texnologiyanın yeni imkanları arasında boşluqlar var. Bu boşluq mədəni geriləmə adlanır.
K.Nurullayeva Azərbaycanın süni intellektə münasibətini və bu sahədə ölkəmizin təcrübəsini də diqqətə çatdırıb: “Azərbaycanın bir çox sahələrdə süni intellekt tətbiq etmək məqsədi var. Süni intellekt yaxın gələcəkdə daha çox enerji sənayesi, təhsil, ədliyyə, nəqliyyat və insan hüquqları sektorunda tətbiq ediləcək”, deyən K.Nurullayevanın qənaətincə, alqoritmlər gələcəkdə qərar qəbul edən şəxslərdən daha yaxşı nəticələr verə bilər.