AŞPA-nın komitə iclasında Azərbaycan qadınlarının ictimai-siyasi fəallığından bəhs olunub
Bakı, 2 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib.
Avropa Şurasının Parisdəki ofisində keçirilən iclasda cari məsələlərlə yanaşı, irqçiliyin qarşısının alınması, silahlı qüvvələrdə qadınların hüquqlarının qorunması, zorakılıqla mübarizə, qadınların siyasi təmsilçiliyinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AŞPA-nın prezidenti xanın Ann Brasör və Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni iclasda mövzularla bağlı fikirlərini bölüşüblər.
Tədbirdə qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi, “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova Ann Brasörə İstanbul Konvensiyasina qoşulan ölkələrin bu sahədəki fəaliyyətinin monitorinqinin keçirilməsi üsulları ilə bağlı sual verib.
Azərbaycanlı deputat iclas iştirakçılarını AŞPA-nın gələcək sessiyalarının birində “Qadınlara qarşı zorakılıqla mübarizədə ən uğurlu təcrübələrin təşviqi” mövzusunda təqdim edəcəyi məruzənin məzmunu barədə məlumatlandırıb, onların suallarının cavablandırıb. S.Qafarova, həmçinin Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəal iştirakından bəhs edib.