Aşqarlar Kimyası İnstitutu elmi təşkilatlar arasında 18-ci yerdə qərarlaşıb
Bakı, 21 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda Elmi şuranın geniş tərkibdə iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk olaraq Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının müdiri kimya elmləri doktoru professor Pərvin Məmmədova 80 illik yubileyi münasibətilə Azad Həmkarlar Təşkilatının fəxri fərmanı ilə təqdim edilib.
Daha sonra gündəlikdə duran məsələlər haqqında məlumat verən institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, Elmi şurada əməkdaşların 2023-cü ilin 6 ayı ərzindəki fəaliyyətinin qısa hesabatı dinləniləcək, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi-tədqiqat fəaliyyəti müzakirə olunacaq.
V.Fərzəliyev qeyd edib ki, elmi-tədqiqat müəssisələrinin əsas vəzifələrindən biri yüksəkixtisaslı kadr hazırlığından ibarətdir. Müzakirəni təşkil etməyin əsas məqsədi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə iddia edən doktorant və dissertantların problemlərini təhlil etmək və həllinə nail olmaqdır: “Bütün bu müzakirələr, təhlillər ona görədir ki, dissertasiya işi müdafiə edən doktorant və ya dissertantın həm tədqiqat işi sanballı, elmə töhfə verə bilən elmi iş olsun, həm də iddiaçının bilik səviyyəsi müvafiq elmi dərəcə və ya elmi ad almağa layiq görülsün.
İnstitutun icraçı direktoru, kimya elmləri doktoru dosent Əfsun Sucayev əməkdaşların 2023-cü ilin yarımillik fəaliyyətinin əsas nəticələrinin qısa hesabatını təqdim edib. O, hesabat dövründə Aşqarlar Kimyası İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərinin daha da inkişaf etdirilməsinə, qabaqcıl texnologiyaların tətbiqi, beynəlxalq və yerli aparıcı elmi-təhsil qurumları ilə əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb.
İnstitutun 2023-cü il 6 aylıq nəşr fəaliyyətini elmmetrik meyarlarla təhlil edən Əfsun Sucayev bildirib ki, hesabat dövrünün nəticələrinə əsasən, ölkə üzrə fəaliyyət göstərən universitet və elmi-tədqiqat institutlarının beynəlxalq səviyyədə 20 mindən çox alim və mütəxəssisin profili və 150 minə yaxın elmi nəşrin təhlili əsasında hazırlanmış reytinq sıralanmasında - “Azerbaijan National H-index Ranking-2023”, “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksə (H-index) görə Aşqarlar Kimyası İnstitutu Azərbaycanda lider elmi təşkilatların reytinq siyahısında 83 elmi təşkilatın və universitetin arasında milli H-indeksi (National H-index) 17 olmaqla 18-ci yerdə qərarlaşıb. İnstitutun H-indeksi “Web of Science” və “Google Scholar” üzrə 22-yə, “Scopus” üzrə isə 21-ə bərabərdir.
İcraçı direktor Aşqarlar Kimyası İnstitutunda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin tətbiqinin təmin edilməsi, mövcud kadr potensialından düzgün istifadə edilməsi istiqamətində atılan addımlardan danışıb.
Əfsun Sucayev bu elmi-tədqiqat müəssisəsində çalışan elmi işçilər, təhsil alan magistrant və doktorantların fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması, onların müştərək beynəlxalq tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayıb, hər bir işçinin elmmetrik səhifə və profillərin yaradılmasına, tədqiqat zamanı aldıqları mühüm elmi nəticələrin nüfuzlu jurnallarda dərc edilməsinə önəm verilməsini elmi müəssisənin nüfuzunun daha da artırılması nöqteyi-nəzərdən məqsədəuyğun hesab edib.
Daha sonra hər bir doktorant və dissertantla ayrı-ayrılıqda fikir mübadiləsi aparılıb.