Aşqarlar Kimyası İnstitutunda magistrantlar distant təhsilə cəlb olunublar
Bakı, 4 aprel, AZƏRTAC
AMEA prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təhsil alan I və II kurs magistrantlara dərslər və məsləhət saatlarının distant yolla keçirilməsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a institutun təhsil şöbəsindən məlumat verilib. Bildirilib ki, martın 29-dan başlayaraq həftədə 5 gün bu elmi müəssisənin aparıcı alimləri - kimya elmləri doktoru, professor Sabir Məmmədov, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, kimya üzrə fəlsəfə doktorları Məlahət Abbasova, Vəli Kazımov və dosent Elnarə Həsənova tədris prosesinə cəlb ediliblər. Onlar üzvi kimya ixtisasında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan zərif üzvi sintez, stereokimya və üzvi kimyanın nəzəri əsasları, üzvi kimyanın nəzəri məsələləri və digər fənlər üzrə dərslər keçirlər.
İnstitutun II kurs magistrantları isə distant yolla elmi-pedaqoji təcrübəyə cəlb olunub. Onlara, həmçinin elmi rəhbərləri tərəfindən dissertasiya işlərinin yazılıb tamamlanması üçün məsləhət saatları təşkil edilib.
Dərslər informasiya texnologiyalar vasitələrindən istifadə etməklə “WhatsApp”, “Skype” qruplarla onlayn rejimdə tədris olunur.