Astanada milli etnomədəni tədbir keçirilib
Astana, 20 dekabr, AZƏRTAC
Astanadakı Qazaxıstanın Milli Muzeyində milli etnomədəni tədbir - “Milli kod – nəsillərə vəsiyyət” forumu təşkil edilib.
AZƏRTAC xəbər verir ki, forum mənəvi dəyərlərin dirçəlişi, milli özünüdərkin möhkəmləndirilməsi və mədəni kodun gənc nəslə ötürülməsi məsələlərinə həsr olunub.
Tədbir Re.Women Astana tərəfindən təşkil olunub. Rəsmi açılışdan əvvəl qonaqlara musiqili proqram təqdim olunub.
Forum çərçivəsində iki panel sessiya keçirilib. Birinci panel sessiya milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və etnoturizmin inkişafına həsr olunub. İkinci panel sessiyada milli kod və sənətkarların mədəni irsin qoruyucuları kimi roluna toxunulub.
Tədbirdə, həmçinin ustad dərsləri, xalq sənətkarlığı sərgisi və etnoşou da təqdim olunub.
Astana