Astarada sənaye məhsullarının istehsalı artıb
Astara, 4 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun sənayesinin əsasını qida məhsullarının, kərpic, elektrik enerjisi, qaz və buxar istehsalı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.
Bu ilin doqquz ayında rayonda fəaliyyət göstərən sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,4 faiz artaraq 14916,4 min manat təşkil edib. Sənaye məhsulunun 25,1 faizi emal, 74,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, bu dövrdə sənayedə qeyri-dövlət sektorunun payı 25,1 faiz olub. Ümumi istehsalın 85,5 faizi sənaye məhsullarının istehsalı, 14,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Emal sənayesində yanvar-sentyabr aylarında 3737,6 min manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda bu dövr ərzində 11056,9 min manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faizlik artım qeydə alınıb.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 37,6 faiz artaraq 121,9 min manat təşkil edib
Rayonda 205,8 milyon kilovat-saat, və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz çox elektrik enerjisi istehsal olunub.