Astronavtika Konqresi Azərbaycanın kosmik sənaye potensialını artırmasına təkan verəcək - RƏY
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Dünyanın aparıcı media qurumlarının diqqəti paytaxtımızda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə yönəldi. Konqres çərçivəsində 190-dan çox texniki sessiya və sərgilər təşkil olundu. Tədbirdə dünyanın aparıcı kosmik agentliklərinin, dövlət sektorlarının, investorların və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak etdilər. Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzundan xəbər verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçirilən beynəlxalq konqresin kosmik sənayenin gələcək inkişaf vektorlarının müəyyən edilməsi baxımından əhəmiyyətini vurğulayan deputat deyib: “Kosmik sənayenin inkişafının sürətləndirilməsi zamanın əsas tələblərindəndir. Bu gün artıq Azərbaycan dünya kosmik sənayesinin fəal aktorlarından birinə çevrilir. Azərbaycan kosmosda özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Kosmosda iki telekommunikasiya, bir Yerin müşahidəsi peykləri olan Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun bir üzvüdür. Bizim peyklərimiz 45 ölkəyə xidmət göstərir. Çox yaxın gələcəkdə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorundan əldə etdiyi gəlirlər neft gəlirlərini üstələyəcək. Ölkəmizin regional kosmik sənaye mərkəzinə çevrilməsi üçün böyük potensialı vardır. Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı daha da dərinləşdirməsi bizə yeni imkanlar yaradır. Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında qeyd etdi ki, biz bu sahəni Azərbaycanda inkişaf etdiririk. Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz”.
Politoloq əlavə edib ki, konqresin işinə 101 ölkədən 5 mindən çox nümayəndənin qatılması tədbirin beynəlxalq əhəmiyyətindən xəbər verir. “Ölkəmizin kosmik sənaye sahəsində əldə etdiyi uğurlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanla eyni vaxtda müstəqillik əldə etmiş dövlətlərin heç birində kosmik sənaye bizdə olduğu qədər inkişaf etməyib. Ölkəmiz hətta bu sahədə regionun bir sıra ölkələrini geridə qoyub. Azərbaycanda kosmik sənayeyə ayrılan diqqət, əslində, qeyri-neft sektorunun inkişafı üçün qarşıya qoyulan məqsədlərə xidmət edir. Hesab edirəm ki, Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizə olan ciddi etimaddan xəbər verir. Eyni zamanda, Beynəlxalq Astronavtika Konqresində irəli sürülən təkliflər, ideyalar bizə imkan verəcək ki, kosmik sənayemizi daha da inkişaf etdirək və bu sahəyə yeniliklər gətirək. Çox yaxşı haldır ki, bu gün Azərbaycanda gənc nəslin kosmik sənaye sahələrinə böyük maraqları yaranıb. Ölkəmizdə bu sahə üzrə ixtisaslaşmış kadrlar mövcuddur. Bu da bizə imkan verir ki, kosmik sənaye potensialımızı artıraq”.