ATLETİKA ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
Bakı, 13 fevral (AZƏRTAC). Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı başlamışdır.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov təmirdən çıxdıqdan sonra bu idman kompleksində ilk dəfə ölkə çempionatının təşkil olunduğunu söylədi. Nazir Azərbaycan idmançılarının qazandığı nailiyyətləri vurğulayaraq, idmanın inkişafına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirdi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə son illər idmanın bütün növlərində olduğu kimi atletikada da canlanmanın olduğunu diqqətə çatdırdı.
Tədbirdə Azərbaycan atletikasının inkişafında xüsusi xidmətləri olmuş, əməkdar məşqçi Faiq Babayevə 75 illik yubileyi münasibətilə xatirə hədiyyələri və fəxri fərmanlar təqdim edildi. Daha sonra yarışlar açıq elan olundu.
Ölkə çempionatında 100-dən artıq idmançı mübarizə aparır. Yarışda Azərbaycan yığmasına cəlb olunmuş iki həbəşistanlı idmançı da iştirak edir. Qadınların 1500 metr məsafəyə qaçışında həbəşistanlı Sevae Aberu finişə hamıdan tez çataraq qızıl medal qazanmaqla yanaşı, Azərbaycanın yeni rekordunu da vurmuşdur. Kişilərin eyni məsafəyə yarışında isə Namiq Həsənov birinci olmuşdur. İkinci yeri isə yığma komandamızın daha bir həbəşistanlı idmançısı Senbete Tilahu tutmuşdur. Digər yarışlarda Lalə Ələsgərova qadınların yadro itələmə, Tural Babayev isə kişilərin hündürlüyə tullanma yarışlarında birinci yeri tutmuşlar.
Ölkə çempionatı fevralın 14-də başa çatacaqdır.
######
![]() |
![]() |

