AVARÇƏKMƏ ÜZRƏ YIĞMA KOMANDA DÜNYA ÇEMPİONATINA NOHURQIŞLAQ GÖLÜNDƏ HAZIRLIĞA BAŞLAMIŞLAR
Bakı, 6 iyul (AZƏRTAC). Avqustun 13-də Kanadanın Dartmut şəhərində kayak və kanoe üzrə böyüklər arasında dünya çempionatı start götürəcəkdir. Azərbaycan Milli Avarçəkmə Federasiyasının
mətbuat xidmətindən bildirmişlər ki, 4 gün davam edəcək yarışa qatılacaq 75 ölkə arasında ilk dəfə Azərbaycanın kanoe üzrə milli komandasının da iştirakı planlaşdırılmışdır.
Artıq yığmamız mötəbər yarışın hazırlıq prosesinə start verib. İyulun 5-dən etibarən avarçəkənlərimiz Qəbələdə yerləşən Nohurqışlaq gölündə təlim-məşq toplanışına başlamışlar. Kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Vasili Kovbanovskinin rəhbərliyi altında hazırlıq prosesinə 3 kanoeçi - Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko və 3 kayakçı - Tamerlan Mustafayev, Emin Cəfərov və Elvin Cəfərov cəlb olunmuşlar.
Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən Nohurqışlaq gölündə hazırlıq prosesi məhz baş məşqçinin istəyi ilə reallaşmışdır. Avarçəkənlərimizin “Kür” Təlim-Tədris mərkəzində müntəzəm məşq etdikləri Mingəçevir şəhərində hazırda isti hava şəraiti hökm sürür. Buna görə də toplanış üçün sərin məkan seçilmişdir. Nohurqışlaq gölü coğrafi şəraiti və əlverişli imkanları ilə ilk gündən avarçəkənlərimizin zövqünü oxşamışdır. Kayak və kanoeçilərimiz burada iyulun 31-dək məşq edəcəklər.
Sonra isə üç kanoeçimiz və millimizin məşqçiləri Kanadaya yola düşəcəklər. 25-28 iyunda Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Valentin Demyanenko, eləcə də bürünc mükafatçılar Maksim Prokopenko-Sergey Bezuqlıy dueti dünya çempionatında da mübarizə aparacaqlar. Demyanenko birnəfərlik, Prokopenko-Bezuqlıy dueti isə iki nəfərlik kanoe qayıqlarında çıxış edəcəklər.