Avrasiya İqtisadi Əlaqələr Birliyinin nümayəndə heyəti Milli Məclisdə olub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Həsən Bəy Zərdabi İrs Mərkəzinin təsisçisi Jalə Əliyeva Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Jalə Əliyeva qeyd edib ki, görüşdə əsas məqsəd Azərbaycan ilə Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına yardımçı olmaqdır. Deputat bildirib ki, bu əməkdaşlıq iki ölkə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar, eyni zamanda, kiçik və orta sahibkarlıq nümayəndələrinin bir-biri ilə geniş əlaqələrinin qurulmasına xidmət edəcək.
Söhbət zamanı 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstək yüksək qiymətləndirilib.
Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Eren Türkiyənin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərlərini və burada keçirilən görüşləri məmnunluqla xatırlayıb.
İki qardaş ölkənin münasibətlərindən danışan qonaq bildirib ki, əlaqələrimizin strateji səviyyədə olması bölgənin təhlükəsizliyi baxımından önəmli zəmanətdir.
Sonra Avrasiya İqtisadi Əlaqələr Birliyinin nümayəndə heyətinə Mərkəzin Həsən bəy Zərdabi irsinin təbliği, Türkiyə ictimaiyyətinə tanıdılması istiqamətində fəaliyyəti haqqında məlumat verilib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.