“Avro-2016”: 24 komanda, tək hədəf
Bakı, 9 iyun, AZƏRTAC
Sabah - iyunun 10-da Fransada futbol üzrə XV Avropa çempionatı start götürəcək. İyulun 10-dək davam edəcək çempionatın ilk oyununda ev sahibi Fransa ilə Rumıniya yığması qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, “Avro-2016” yeni formatda keçiriləcək. Belə ki, iştirakçı komandaların sayı artırılaraq 16-dan 24-ə çatdırılıb. Komandalar 6 qrupa bölünüb. Bu barədə qərar UEFA-ya üzv olan 53 ölkənin milli federasiyalarının yekdil səsləri əsasında qəbul edilib. Yeni formata əsasən, hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir finala vəsiqə qazanacaq. Bundan başqa, dörd qrupda üçüncü yeri tutan komandalar da səkkizdəbir finalda oynamaq hüququ əldə edəcək. Bir sözlə, çempionatda iştirak edən 24 komandadan səkkizi mübarizəni dayandırmalı olacaq və 16-sı yola davam edəcək.
Digər bir yenilik “Avro-2016”nın oyunlarının ilk dəfə olaraq on şəhərdə keçirilməsidir. Çempionatın açılış mərasimi və ilk oyunu, həmçinin final qarşılaşması Parisdəki “Stad de Frans” stadionunda olacaq. Oyunlar Parislə yanaşı, Sen-Deni, Bordo, Lens, Lil, Lion, Marsel, Nitsa, Sent-Etyen və Tuluz şəhərlərində keçiriləcək.
XV qitə birinciliyində komandaların sayının, xüsusən də qələbəyə iddialı kollektivlərin çox olması azarkeşlərə maraqlı və gərgin idman mübarizəsi vəd edir. Belə ki, son Avropa birinciliyinin qalibi İspaniya, hazırkı dünya çempionu Almaniya, ev sahibi Fransa, eləcə də heyətlərində ulduz futbolçuların yer aldığı Portuqaliya, İtaliya, İngiltərə əsas favoritlər hesab olunur.
“A” qrupu: Fransa azarkeş dəstəyinə ümid edir
“Avro-2016”nın “A” qrupunda yer alan ev sahibi Fransa 2006-cı il dünya çempionatında final oynadıqdan sonra elə də yüksək nəticə göstərə bilməyib. Ona görə də komanda azarkeşlərin dəstəyindən istifadə edərək çempion olmaq üçün ciddi mübarizə aparacaq. Didye Deşamın komandasındakı hücumçular 2015-2016-cı il mövsümünü olduqca yüksək səviyyədə keçiriblər. Heyətində “Lester”də ulduzu parlayan yarımmüdafiəçi Kante, habelə Qrizman və Poqba kimi gənc futbolçuların olduğu komandanın müdafiə xətti o qədər də inamlı təsir bağışlamır. 2006-cı il dünya çempionatından sonra Avropa və dünya çempionatlarında güclü rəqiblərlə qarşılaşmada qələbə qazana bilməyən fransızlar üçün qitə birinciliyinin ilk oyununda Rumıniyaya qalib gəlmək mühüm əhəmiyyət daşıyır.
“A” qrupunun digər favoriti, güclü müdafiə xətti ilə seçilən Rumıniya təsnifat mərhələsində öz qapısından cəmi 2 top buraxıb. Ukrayna ilə yoldaşlıq oyununda qapısında dörd qol görsə də, çempionatın ən inadkar komandalarındandır.
Təsnifat mərhələsində yer aldığı qrupda İngiltərə ilə birlikdə çempionata vəsiqəni çətinlik çəkmədən əldə edən İsveçrə oynadığı yoldaşlıq görüşlərinin demək olar ki, hamısında məğlub oldu. Yarımmüdafiədə Behrami və Xakanın, cinahlarda isə Xakiri və Memedinin inamlı oyunu ilə müqayisədə hücum xəttinin o qədər də kəsərli olması isveçrəlilərin əsas problemidir.
Tarixində ilk dəfə böyük turnirdə çıxış edəcək Albaniyanın uğurunun əsas səbəbi yüksək nizam-intizam və sabit komanda oyunudur. Lakin güclü komandalarla bir qrupa düşdüyü üçün yalnız qrup üçüncüsü kimi səkkizdəbir finala yüksələ biləcəyi ehtimal edilir.
“B” qrupu: favorit İngiltərə millisidir
Çempionatda gərgin mübarizənin gedəcəyi qruplardan biri də “B”dir. Qrupun lideri, adətən heyətində güclü oyunçulara baxmayaraq, Avropa və dünya çempionatlarında yolu yarıda kəsilən İngiltərə seçmə mərhələdə 100 faizlik nəticə göstərib. Keçirdiyi on oyunun hamısında qələbə qazanan ingilislərin qrupda yolunu kəsəcək ciddi rəqib yoxdur. Komandanın heyətində Uolker, Alli, Dayer, Keyn, Raşford, Milner, Runi və Sterlinq kimi ulduz futbolçuların yer alması ingilislərin bu çempionatda yarımfinala qədər irəliləyə biləcəklərini ehtimal etməyə əsas verir.
Seçmə mərhələnin əvvəlində inamsız təsir bağışlayan Rusiya sonrakı matçlarda istədiyi nəticələrə nail olaraq, “Avro-2016”ya vəsiqəni təmin edib. Komandada etimadı doğrulda bilməyən Fabio Kapellodan sonra baş məşqçi postuna gətirilən Slutski millidə dönüş yarada bilib. Təcrübəli futbolçularla çempionata qatılan Rusiya millisinin heyətində “Zenit”də forma geyən oyunçular üstünlük təşkil edirlər.
Uzun fasilədən sonra Avropa çempionatına qatılan komandalardan biri də Uelsdir. Uelslilərin “Avro-2016”ya yüksəlmələrində sözsüz ki, “Real”ın ulduzu Qaret Beylin rolu böyükdür. Komandanın seçmə mərhələdə 10 oyunda vurduğu 11 qolun 7-sinin Beylə məxsus olması da bunun parlaq göstəricisidir.
Fransadakı turnirdə sürpriz komandalardan biri də Slovakiya millisidir. Seçmə mərhələdə Ukraynanı və evdə İspaniyanı məğlub etməsi slovakiyalıların “Avro-2016”ya vəsiqə qazanmalarını təmin etdi. Bu ölkə futbolunun ən böyük ulduzu və komandanın əsas oyunçularından olan Hamsik “Napoli”də uğurlu mövsüm keçirib. Hamsikdən başqa, Şkrtel, Kuçka və Stoç kimi güclü oyunçulara sahib olsa da, komandanın hücum xətti idman mütəxəssisləri tərəfindən zəif qiymətləndirilir.
“C” qrupu: dünya çempionu üçün yaşıl işıq
Çempionatın “C” qrupunda yer alan sonuncu dünya çempionu Almaniya “Avro-2016”nın əsas favoritlərindən biridir. Baş məşqçi Löv iki il əvvəlki heyətdə elə də dəyişiklik etməyib. Marko Reus zədə üzündən çempionatı buraxmalı olub. Almanların heyətində Lukaş Podolski və Mario Qomez komandanın əsas qol silahı olacaq. 1996-cı ildəki çempionluqdan sonra qitə birinciliyində qalib gələ bilməyən almanlar Fransada bu həsrətə son qoymaq istəyirlər. Güclü heyəti və sabit oyunu almanların Polşa, Ukrayna və Şimali İrlandiya üzərində qələbə qazanaraq qrupdan yüz faizlik nəticə ilə çıxacağını deməyə əsas verir. Mütəxəssislərin fikrincə, dünya çempionu üçün səkkizdəbir finala gedən yolda yaşıl işıq yanır.
Avropa çempionatlarında ilk dəfə 2008-ci ildə debüt edən Polşa millisi ardıcıl üçüncü dəfədir qitə birinciliyində çıxış edir. Seçmə mərhələdə Almaniyadan sonra ikinci yerin sahibi kimi qrupdan çıxan polşalılar bu mərhələdə rəqib qapılarına 33 dəfə yol tapıblar. Lakin komandanın əsas qol silahı Robert Levandovski son aylarda əvvəlki oyununu göstərə bilmir.
Seçmə mərhələni üçüncü sırada başa vurduğu üçün pley-offda Sloveniyaya qalib gələrək “Avro-2016”ya vəsiqə qazanan Ukrayna son yoldaşlıq oyunlarında Rumıniya və Albaniyanı məğlub edib. Güclü komandalarla bir qrupa düşdüyü üçün ukraynalıları gərgin mübarizə gözləyir.
Tarixində ilk dəfə qitə birinciliyində çıxış edəcək Şimali İrlandiyanın seçmə mərhələdə qrupdan çıxması böyük sürpriz kimi qiymətləndirilmişdi. Rumıniya, Macarıstan və Yunanıstan kimi komandaların olduğu qrupda birinci yeri tutmaq komandanın yaxşı hazırlıqlı olmasından xəbər verir. 1986-cı ildə dünya çempionatında iştirakdan sonra komanda böyük turnirlərdə ilk dəfədir çıxış edir. Komandanın əsas qol silahı Kayl Laffertidir. Standart vəziyyətlərdən yaxşı istifadə etmək bacarığı şimali irlandiyalıların hücumlarda ən böyük üstünlüyü hesab olunur.
“D” qrupu: İspaniyanın üçüncü cəhdi
İspaniya, Türkiyə, Çexiya və Xorvatiyanın yer aldığı “D” qrupu çempionatın “ölüm qrupu” hesab edilir. Qardaş Türkiyə millisinin yer aldığı bu qrupun matçları azərbaycanlı futbol azarkeşləri üçün də böyük maraq doğurmaqdadır.
Qrupun favoriti şübhəsiz ki, İspaniyadır. Komanda təcrübəli baş məşqçi Visente Del Boskenin rəhbərliyi ilə “Avro-2016”ya ciddi hazırlaşıb. İspaniyalılar seçmə mərhələdə on matçdan doqquzunda qalib gəlib. Ön xətdə Nolito və Morata kimi güclü qol silahlarının olması rəqib komandalar üçün ciddi təhlükədir.
Dünyanın ən güclü komandalarından sayılan İspaniya millisi qitə birincilikləri tarixində bir neçə rekord müəyyən edib. Belə ki, onuncu dəfə qitə birinciliyində mübarizə aparacaq Pireney təmsilçisi, eyni zamanda, ardıcıl iki dəfə Avropa çempionu olan yeganə komandadır (2008-ci və 2012-ci illər). Bundan başqa, Avropa çempionatlarının final mərhələsində oynadığı son 12 matçda məğlubiyyət üzü görməyən (9 qələbə, 3 heç-heçə) İspaniya bu göstəriciyə görə də rekorda nail olub. Komanda sonuncu dəfə 2014-cü ilin iyununda Portuqaliyada keçirilən çempionatda ev sahiblərinə uduzmuşdu (0:1). Pireneylilər son doqquz oyunda cəmi bir dəfə qapılarında qol görüblər (2012-ci ilin iyununda İtaliya ilə qarşılaşmada Antonio Di Natali İspaniyanın qapısına yol tapmışdı). İspaniyalılar qapılarını 510 dəqiqə toxunulmaz saxlaya biliblər ki, bu da qitə birincilikləri tarixində rekorddur. Çempionatlar tarixində daha çox oyunda qol buraxmayan qapıçı da məhz İspaniyanın qolkiperi İker Kasilyasdır (9 oyun). Bir sözlə, bu göstəricilər deməyə əsas verir ki, tamaşaçılar “Avro-2016”da İspaniyanın ard-arda üçüncü dəfə avrokuboku qazanmaq cəhdinin şahidi olacaqlar.
Pireneylilərin baş məşqçisi Visente Del Boske 2010-cu və 2014-cü illərdə dünya, 2012-ci ildə isə Avropa çempionatlarından sonra dördüncü dəfə böyük turnirə qatılır. Del Boske bu turnirlərin ikisində komandasına kuboku qazandıra bilib.
Türkiyə 1996-cı, 2000-ci və 2008-ci illərdəki iştirakından sonra Avropa çempionatlarının final mərhələsində dördüncü dəfə mübarizə aparacaq. Qardaş ölkənin futbolçuları qitə birincilikləri tarixində ən yaxşı nəticəni “Avrop-2008”də göstəriblər. Həmin çempionatda Türkiyə millisi yarımfinalda Almaniyaya uduzaraq mübarizəni dayandırmışdı.
Türkiyə millisi “Avro-2016”nın seçmə mərhələsinin sonuna doğru yüksək iradə nümayiş etdirərək Avropa çempionatına vəsiqə qazanmaqla azarkeşlərini sevindirdi. Komanda seçmə mərhələnin ən yaxşı qrup üçüncüsü kimi pley-offda oynamadan final mərhələsinə yüksəlib. Güclü komandalarla eyni qrupda yer alan Türkiyənin səkkizdəbir finala gedən yolu asan olmayacaq.
Doqquzuncu dəfə Avropa çempionatına qatılan çexlər 1976-cı ildə qitə çempionu adını qazanıblar. Çexiya millisi seçmə mərhələdə İslandiya, Türkiyə və Hollandiyanı qabaqlayaraq qrup birincisi oldu. 2014-cü ildə baş məşqçi təyin olunan Pavel Vrba komanda ilə ilk dəfə beynəlxalq turnirə qatılır. Peter Çex kimi güclü qapıçıya sahib olan kollektivin əsas xüsusiyyəti ideal komanda oyunudur.
Qrupun digər komandası Xorvatiya seçmə mərhələdə xüsusən çox güclü yarımmüdafiə xətti ilə diqqəti cəlb edib. Orta xətdə “Real Madrid”də forma geyən Luka Modriç, Mateo Kovaçiç, “Barselona”da çıxış edən İvan Rakitic, hücumda isə Mandzukiç və Kaliniç rəqib komandalar üçün təhlükəli futbolçulardır. Xorvatiya qrupda İspaniyadan sonra ən güclü komanda kimi qiymətləndirilir.
“E” qrupu: bərabər imkanlı komandalar
Avropanın aparıcı klublarında çıxış edən gənc futbolçulardan ibarət güclü heyətə sahib olan Belçika millisinin “E” qrupundan səkkizdəbir finala vəsiqə qazanma şansı yüksəkdir. Komandada kifayət qədər güclü gənc futbolçular yer alıb. Belçikalılar xüsusilə son dərəcə güclü yarımmüdafiə xətti ilə seçilirlər. Finlandiya ilə yoldaşlıq görüşündə rəqib qapısını 32 dəfə “topa” tutmaları komandanın gücündən və sürətli oyunundan xəbər verir. Baş məşqçi Mark Vilmotsun əsas oyun üslubu rəqib qapısına mümkün qədər çox zərbə endirilməsidir.
Qrupun əsas favoritlərindən biri də sözsüz ki, İtaliya yığmasıdır. Seçmə mərhələnin “H” qrupunda on oyundan yeddisində qalib gələn və üçündə isə heç-heçə edən İtaliyanın heyətindəki 23 futbolçudan yalnız beşi xarici klublarda forma geyir.
Qitə birinciliyinə play-offda Bosniya və Herseqovinanı məğlub edərək vəsiqə qazanan İrlandiyanın heyətindəki futbolçuların böyük əksəriyyəti digər ölkələrin liqalarında çıxış edir. Baş məşqçi Martin Onil sonadək mübarizə aparan komanda formalaşdıra bilsə də, rəqiblərin güclü olması komandanın işinin çətin olacağını deməyə əsas verir.
Qrupun digər komandası İsveç seçmə mərhələdə Danimarkanı məğlub edərək “Avro-2016”da oynamaq hüququ əldə edib. Baş məşqçi Erik Hamrenin heyətə cəlb etdiyi 23 nəfərlik futbolçudan yalnız üçü İsveç liqasında mübarizə aparır. Bu çempionatda da əsas yük komandanın lideri Zlatan İbrahimoviçin üzərinə düşəcək.
Hər halda bu qrupda üç komanda nisbətən bərabər imkanlara malikdir.
“F” qrupu: Kriştiano Ronaldoya rəqib tapılacaqmı?
Çempionatın favoritlərindən biri də “F” qrupunda yer alan Portuqaliya millisidir. Kriştiano Ronaldo, Rikardo Quareşma və digər ulduz futbolçuların olduğu Portuqaliya millisinin güclü müdafiə xətti rəqib komandalar üçün çətin maneə olacaq.
İdman mütəxəssislərinin diqqətini sabit və gözəl komanda oyununu ilə cəlb edən Avstriya millisi seçmə mərhələdə 9 qələbə qazanıb. Arnautoviç, Marsel Sabitzer, Martin Harnik, eləcə də yarımmüdafiə xəttinin dayağı Alaba komandanın əsas futbolçularıdır.
2000-ci illərin əvvəllərində futbol sahəsində ciddi islahatlar keçirən İslandiya artıq bunun bəhrəsini görməyə başlayıb. Heyətində kifayət qədər güclü gənc futbolçuların yer aldığı İslandiya seçmə mərhələdə inamlı oyun nümayiş etdirib. Fiziki cəhətdən hazırlıqlı olan futbolçular sürətli oyunla rəqib komandaların müdafiəsini daim gərgin vəziyyətdə saxlayırlar.
Seçmə mərhələdə gözlənilən oyunu göstərə bilməyən Macarıstan pley-offda Norveçi məğlub edərək çempionata vəsiqə əldə edib. Seçmə mərhələ komandanın müdafiə xəttinin o qədər də etibarlı olmadığını göstərdi. Macarıstan yığması ekspertlər tərəfindən qrupun ən zəif komandası hesab olunur.