“Avro-2016”: ikinci gün
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 11-də futbol üzrə Avropa çempionatının “A” və “B” qruplarında üç oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransanın Lens şəhərindəki “Bollar-Delelis” stadionunda Albaniya və İsveçrə milli komandaları qarşılaşıblar. Oyunun 5-ci dəqiqəsində İsveçrə futbolçusu Fabian Şar hesabı açıb. Bu, oyunda vurulan yeganə qol olub. Avropa çempionatının final mərhələsində debüt edən Albaniya 0:1 hesabı ilə məğlubiyyətə uğrayıb. Beləliklə, “A” qrupunda ilk turdan sonra Fransa və İsveçrə komandaları 3 xalla liderlik edirlər.
“B” qrupunda ilk oyun Uels və Slovakiya milli komandaları arasında keçirilib. Bordo şəhərindəki “Matmut-Atlantik” stadionunda baş tutan qarşılaşmada hesabı 10-cu dəqiqədə Uels futbolçusu Garet Bale açıb. Matçın 61-ci dəqiqəsində Slovakiya millisinin üzvü Robert Mak hesabı bərabərləşdirib. Bundan 20 dəqiqə sonra Uels futbolçusu Hal Robson-Kanu komandasını yenidən hesabda irəli çıxarıb - 2:1. Beləliklə, Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edən Uels tarixi qələbəyə imza atıb.
Daha sonra meydançaya İngiltərə və Rusiya komandaları çıxıblar. Marsel şəhərindəki “Velodrom” stadionunda oynanılan matçın 74-cü dəqiqəsində İngiltərə millisinin üzvü Erik Dyer hesabı açıb. Oyuna əlavə olunmuş dəqiqələrdə (90 +2) Rusiya komandası Vasili Berezutskinin qolu ilə hesabı bərabərləşdirib - 1:1. Oyun bu hesabla da başa çatıb.
Hazırda “B” qrupunda turnir cədvəlinə 3 xalla Uels millisi başçılıq edir. İngiltərə və Rusiya komandalarının hərəyə bir xalı var.
İyulun 12-də çempionatda daha üç oyun olacaq. “D” qrupunda Türkiyə-Xorvatiya (Bakı vaxtı ilə saat 17:00), “C” qrupunda Polşa-Şimali İrlandiya (20:00) və Almaniya-Ukrayna (23:00) qarşılaşmaları oynanılacaq.