“Avro-2016”: Uels və İngiltərə səkkizdəbir finala vəsiqəni artıq təmin edib
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də futbol üzrə XV Avropa çempionatının “B” qrupunda mübarizəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Avro-2016”nın onbirinci günündə bu qrupda iki qarşılaşma keçirilib. Sent-Etyen şəhərindəki “Cefri Quşar” stadionunda Slovakiya və İngiltərə milli komandaları qarşılaşıb. Qrupun digər oyununda isə Tuluz şəhər stadionunda Uels və Rusiya milliləri üz-üzə gəlib.
Bu qrupdan səkkizdəbir finala vəsiqə qazanmaq üçün bütün komandaların şansları olduğundan qrup mərhələsinin üçüncü günündə gərgin mübarizənin aparılacağı gözlənilirdi. Məhz buna görə də hər iki qarşılaşmada azarkeşlər gərgin idman mübarizəsinin şahidi olublar.
İngiltərə yığması Slovakiya ilə matçda üstün oyun nümayiş etdirsə də, ilk hissədə hesab açılmayıb. İngilislər fasilədən sonra da rəqib komandanın qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsalar da, bu imkanlardan istifadə edə bilməyiblər və matç 0:0 hesabı ilə heç-heçə başa çatıb.
Paralel keçən digər qarşılaşmada isə Uels millisi oyunun birinci hissəsində Rusiya yığmasının qapısına vurduğu iki qolla matçın taleyini demək olar ki, həll edib. Uelslilərin heyətində qarşılaşmanın 11-ci dəqiqəsində Ramsey, 20-ci dəqiqəsində isə N.Teylor fərqləniblər. Matçın 67-ci dəqiqəsində Uels yığması komandanın lideri Qaret Beylin qolu ilə Rusiya millisini üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Beləliklə, matç uelslilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “B” qrupunda mübarizəyə yekun vurulub və səkkizdəbir finala vəsiqəni rəsmiləşdirən komandalar məlum olub. Üç oyunda iki qələbə və bir məğlubiyyətdən sonra hesabında 6 xal olan Uels millisi qrupu birinci sırada başa vurub. Aktivində 5 xal olan İngiltərə yığması qrupda ikinci, 4 xal toplayan Slovakiya millisi isə üçüncü yeri tutub. Üç oyunda cəmi bir heç-heçə edən Rusiya millisi isə 1 xalla qrupu sonuncu sırada başa vuraraq Avropa çempionatında mübarizəni dayandırıb.
Beləliklə, Uels və İngiltərə milliləri səkkizdəbir finala birbaşa vəsiqə qazanıb. Slovakiya millisinin səkkizdəbir finala yüksəlməsi digər qruplardakı oyunların nəticələrindən asılı olsa da, komandanın aktivində 4 xalın olması onun növbəti mərhələyə yüksəlməsi şanslarını xeyli yaxşılaşdırıb.