Avropa İttifaqının “EU4Digital” layihəsi “Azexport.az”la əməkdaşlığa dair məqalə dərc edib
Bakı, 11 iyun, AZƏRTAC
Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə həyata keçirilən "EU4Digital" layihəsinin rəsmi internet səhifəsində “Azexport.az” internet portalının da iştirak etdiyi pilot layihə barədə məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.
Portalın rəhbəri Ayxan Qədəşov qeyd edib ki, pilot layihənin həyata keçirilməsində başlıca məqsəd Avropa İttifaqı və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarın iş prinsipinin real təcrübədə yoxlanılması olub. Yaradılan rəqəmsal bazar ən müasir standartlara cavab verməklə məlumatların yalnız bir dəfə daxil edilməsi prinsipi ilə çalışır. Sifariş daxil olduqda satıcı tərəfindən daxil olunan məlumatlar sistem tərəfindən avtomatik olaraq hər iki ölkənin (alıcı və satıcı) gömrük və poçt orqanlarına da təqdim olunur. Bu məqsədlə “ISAR Group” şirkəti tərəfindən Azərbaycanda istehsal olunan taxta əl işi məhsulunun Almaniyaya göndərilməsi pilot olaraq uğurla reallaşdırılıb. Pilot layihədən əldə olunan təcrübə digər Aİ və ŞT ölkələrində də tətbiq olunacaq.
O, həmçinin bildirib ki, “Azexport.az” internet portalı layihədə Azərbaycanı təmsil etməklə yanaşı, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarı platformasının idarəetməsi də bu internet portalına həvalə olunub.
Qeyd edək ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “EU4Digital” layihəsinin başlıca məqsədi Aİ və ŞT ölkələri arasında vahid rəqəmsal ticarət bazarının yaradılması, rəqəmsal iqtisadiyyatın tətbiq sahələrinin genişləndirilməsi, rəqəmsal sahədə məşğulluq səviyyəsinin və iqtisadi artımın dəstəklənməsidir.
Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz: https://bit.ly/3g9ggNr