Avropa Komissiyası müdafiə imkanlarının gücləndirilməsinə dair yeni tədbirlər paketini təqdim edib
Berlin, 19 noyabr, AZƏRTAC
Avropa Komissiyası Avropada müdafiə imkanlarının gücləndirilməsi və hərbi mobilliyin artırılması məqsədilə yeni tədbirlər paketini təqdim edib.
AZƏRTAC xəbər verir ki, yeni təşəbbüslər Avropa İttifaqı məkanında qoşunların, hərbi texnika və avadanlığın sürətli və maneəsiz hərəkətini təmin edəcək “hərbi mobillik zonası”nın formalaşdırılmasını nəzərdə tutur. Bu çərçivədə hərbi vasitələrin 27 üzv ölkə üzrə daşınması üçün vahid icazə prosedurunun tətbiqi, təcili hallarda infrastrukturdan prioritet istifadə imkanının yaradılması və əsas nəqliyyat dəhlizlərinin mülki və hərbi tələblərə uyğun yenilənməsi planlaşdırılır. Komissiya, həmçinin strateji infrastrukturun qorunması üçün yeni dayanıqlılıq alətlərinin hazırlanacağını bildirib.
Tədbirlər NATO və digər tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsini də əhatə edir. Bununla yanaşı, Komissiya Avropanın müdafiə sənayesinin modernləşdirilməsi üçün köklü innovasiyalara, qabaqcıl texnologiyaların tətbiqinə və istehsal gücünün artırılmasına yönəlmiş yeni “yol xəritəsi”ni təqdim edib. Rusiya-Ukrayna müharibəsindən çıxan dərslərə əsaslanan sənəd müdafiə şirkətlərinə investisiyaların təşviqini, yeni texnologiyaların inkişafının sürətləndirilməsini və müdafiə imkanlarına çıxışın genişləndirilməsini prioritet kimi müəyyənləşdirir.
Komissiya “yol xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrasına dərhal başlayacağını açıqlayıb. Hazırlanan hərbi mobillik paketi təsdiqlənməsi üçün Avropa Parlamentinə və Avropa İttifaqı Şurasına təqdim olunacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin