Avropa Parlamentinin deputatı Azərbaycan Xalq Cümhuriyyətinin generalının xatirəsini yad edib
Bakı, 21 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri xanım Anna Fotiqa həmyerlisi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu sıralarında xidmət edən, general-leytenant Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini ehtiramla yad edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Fotiqa Azərbaycan Hərbi Dəniz Qüvvələrinin katerində Böyük Zirə adası yaxınlığında hərbi xadimin xatirəsinə ehtiram əlaməti olaraq Xəzər dənizinin suları üzərinə güllər səpələyib.
Polşa tatarlarından olan Məmməd bəy Sulkeviç 1919-cu ilin martında Azərbaycan Ordusunun baş qərargah rəisi təyin edilib. O, 1920-ci ilin aprel işğalından sonra bolşeviklər tərəfindən həbs olunub və ölüm cəzasına məhkum edilərək həmin ilin iyulunda güllələnib.
Mərasimdən sonra təəssüratlarını bölüşən Avropa Parlamentinin üzvü bildirib: “Biz ölkələrimizin tarixinə hörmətlə, ənənələrinə, mədəniyyətinə ehtiramla yanaşaraq onları təbliğ etməklə qarşılıqlı surətdə gələcəyimiz üçün zəmin hazırlayır, gənclərimizin tərbiyəsinə, dövlətlərimizin inkişafına, xalqlarımızın tərəqqisinə şərait yaradırıq.
Mənim ulu babamla bir yerdə rus-yapon müharibəsində vuruşan general Sulkeviçin Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət edərkən qoşun hissələrinin formalaşdırılmasında, ordunun döyüş hazırlığının təkmilləşdirilməsində, uğurlu hərbi əməliyyatların keçirilməsində böyük xidmətləri olub. Məmməd bəy Sulkeviçin xatirəsi Polşada da əziz tutulur. Mənim seçicilərim arasında da çoxlu Polşa tatarları var”.
Ölkəmizə səfərləri çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini vurğulayan xanım Anna Fotiqa söhbətlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun həlli üçün Avropa qurumlarının səylərinin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyinin vurğulandığını qeyd edərək deyib: “Mənə qoşunların təmas xəttində baş verən son hadisələr, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlar vasitəsilə edilmiş hücumlar barədə də ətraflı məlumat verilib. Bu, yolverilməzdir. Polşa hər zaman dost və etibarlı müttəfiq olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mən öz tərəfimdən azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini hər zaman parlament və digər səviyyələrdə qaldırıram və bundan sonra da qaldıracağam.
Azərbaycan Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Biz buna böyük önəm veririk. Azərbaycanın hərbi və müdafiə qabiliyyəti çox güclüdür. Biz Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə səylərini də çox yüksək qiymətləndiririk. Sizin ölkənizdən mən həmişə olduğu kimi bu dəfə də çox xoş təəssüratlarla ayrılıram”.