AVROPA ŞURASI ERMƏNİSTANDAKI AZƏRBAYCAN MƏDƏNİ İRSİNİN VƏZİYYƏTİNİ ARAŞDIRACAQDIR
İclasda Azərbaycan üçün xüsusi maraq kəsb edən son dərəcə mühüm bir məsələ – Böyük britaniyalı deputat, “Cənubi Qafqazda mədəniyyətin vəziyyəti” məsələsi üzrə məruzəçi O’Harranın regiona səfəri müzakirə olunmuşdur.
R.Hüseynov bununla bağlı AZƏRTAC-ın müxbirinə demişdir ki, biz Avropa Şurasında ermənilərin ölkəmizə qarşı apardığı təcavüzün əsas istiqamətlərindən olan mədəni irsimizə qarşı yönəlmiş təcavüzlə əlaqədar ardıcıl fəaliyyət göstərmiş, çoxlu sənədlər hazırlamışıq. İndi bu missiyanın gerçəkləşməsi həmin fəaliyyətin nəticəsidir. Lakin bu, yeganə missiya olmayacaqdır. Avropa Şurasının baş katibi Terri Devisin təşəbbüsü ilə digər bir faktaraşdırıcı missiya da yaradılır. Bu barədə 2005-ci ilin mart ayından danışıqlar aparılır. Baş katib Cənubi Qafqaz ölkələrinin mədəniyyət və xarici işlər nazirlərinə müraciət etmişdir. Qərara alınmışdır ki, tərkibinə çoxlu sayda ekspertlərin daxil olduğu qrup bu ilin payızında regiona səfər etsin. Lakin O’Harranın rəhbərlik etdiyi missiyanın vəzifəsi bir qədər fərqlidir. Bu, mövcud vəziyyətə parlament səviyyəsində ümumi siyasi qiymət verəcək səfər olacaqdır. Qrupun tərkibinə Elm, təhsil və mədəniyyət komitəsi katibliyinin rəhbəri Kristofer Kreysin və digər müşahidəçilər də daxildir. Regiona səfər mayın 28-də başlanacaqdır. Qrup əvvəlcə ölkəmizdə olacaqdır və Naxçıvana da səfər gözlənilir. Sonra Gürcüstandakı Azərbaycan və erməni mədəni irsi nümunələrinin öyrənilməsi ilə bağlı araşdırmalar aparılacaqdır. Səfərin sonunda Ermənistandakı Azərbaycan abidələrinin vəziyyəti öyrəniləcəkdir. Daha sonra Dağlıq Qarabağa, konkret olaraq Şuşaya və işğal altındakı digər ərazilərimizə səfər ediləcəkdir. O’Harra Ermənistanın müxtəlif rayonlarında olacaq, Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə əlaqədar nümayəndə heyətimizin aprel sessiyasında hazırladığı sənəddə əksini tapmış konkret mədəni irs nümunələrini bilavasitə araşdıracaq, eləcə də Dağlıq Qarabağda və zəbt edilmiş digər ərazilərdə dağıdılmış və ya dağıdılmaq üzrə olan, erməniləşdirilmiş abidələri - yəni indiyədək hazırladığımız sənədlərdə əksini tapmış abidələri hərtərəfli öyrənəcəkdir.
R.Hüseynov demişdir ki, səfər proqramının ilkin variantında ölkəmizin mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinin adı qarşısında mötərizədə ermənilərin saxtalaşdıraraq, müxtəlif mənbələrdə göstərdikləri “Şuşi” yazılmışdı. Mən çıxış edərək bunun yolverilməz olduğunu, bütün rəsmi xəritələrdə şəhərin adının “Şuşa” kimi verildiyini, bu qədim Azərbaycan məskəninin adının ermənilər tərəfindən təhrif edilməsinin ölkəmizə qarşı yönəlmiş mədəni təcavüzkarlığın daha bir təzahürü olduğunu bildirdim. Haqlı irad nəzərə alınmış və proqramda düzəliş edilmişdir.
R.Hüseynovun sənəddə aradan qaldırılmasını tələb etdiyi digər bir məqam Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı Cuğa qəbiristanlığı ilə əlaqədar olmuşdur.
Sənəddə, səfər proqramına aid materiallarda Cuğadakı “erməni məzarları”nın O’Harra və onun rəhbərlik etdiyi missiya tərəfindən araşdırılması konkret göstərilmişdi. Lakin deputatımız çıxışında Azərbaycan tarix elminin həmin məzarların ermənilərə qətiyyən aidiyyəti olmadığını sübut etdiyini, onların qədim alban qəbirləri olduğunu xüsusi vurğulamışdır. Həmçinin bildirmişdir ki, Azərbaycanda İslam dini VII əsrdən yayılmağa başlamışdır. Bundan əvvəl ölkəmizdə atəşpərəstlik, xristianlıq mövcud olmuşdur və onlarla bağlı müxtəlif abidələr bu günə qədər də qalmaqdadır. Lakin tarixi saxtalaşdırmaqda mahir olan ermənilər xristianlıq dövründə Azərbaycanda yaradılmış abidələri də özününküləşdirmiş, erməniləşdirmişlər və bu siyasəti Cuğadakı qəbiristanlıqla əlaqədar da yürütməkdədirlər. Buradakı qəbirlərin erməni qəbirləri kimi təqdim olunması qəbuledilməzdir.
Müzakirə zamanı komitə bu iradı da qəbul etmiş və həmin qəbirlərin guya ermənilərə aid olması ilə bağlı müddəa sənəddən çıxarılmışdır.
O’Harranın rəhbərlik etdiyi faktaraşdırıcı missiyanın regiona səfəri, Cənubi Qafqazın üç ölkəsində mədəni irs nümunələrinin araşdırılması son dərəcə əhəmiyyətlidir. Bu səfərin ən əlamətdar cəhətlərindən biri ondan ibarətdir ki, ilk dəfə olaraq, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilat Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinə rəsmi münasibətini bildirəcəkdir.