AVROPA VƏ DÜNYA BİRİNCİLİKLƏRİNDƏ ÇIXIŞ EDƏCƏK KANOEÇİ VƏ KAYAKÇILARIMIZIN ADLARI MƏLUM OLMUŞDUR
Bakı, 9 iyul (AZƏRTAC). Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası almaniyalı baş məşqçi Yohan Tsülkenin rəhbərliyi altında Polşadakı Lazinki gölündə təlim-məşq toplantısını davam etdirir. Toplanışa 3 kayakçımız - Rüfət Vəlizadə, Mirnazim Cavadov və Ramil Məmmədov, eləcə də kanoeçimiz Andrey Kraytor qatılmışlar.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, təmsilçilərimiz iki nüfuzlu yarışda çıxış edəcəklər.
İyulun 16-dan 19-dək Polşanın Poznan şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək Avropa birinciliyində Ramil Məmmədov mübarizə aparacaqdır. 20 yaşlı kayakçımız artıq iyunun 25-28-də Almaniyanın Brandenburq şəhərində böyüklər arasında Avropa çempionatında yarışmışdır. R.Məmmədov 200 metr və 500 metr məsafələrə yürüşdə seçmə mərhələni sonuncu pillədə başa vuraraq, növbəti mərhələyə vəsiqə qazana bilməmişdir. Brandenburqdan birbaşa Polşaya yollanan idmançımız kanoeçi və kayakçılarımızın hazırlıq prosesinə qoşulmuşdur.
İyulun 31-dən avqustun 2-dək isə Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə yeniyetmələr arasında dünya birinciliyi təşkil ediləcəkdir. Bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək, Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaqdır. Qonşu ölkəyə Andrey Kraytor, Rüfət Vəlizadə və Mirnazim Cavadov yollanacaqlar.
Onlar da dünya birinciliyi öncəsi beynəlxalq turnirdə qüvvələrini sınamışlar. Kanoeçi və kayakçılarımız Polşanın Bidqoş şəhərində keçirilmiş “Mayor City Bydgoszcz Cup” reqatasına qatılmışlar. Min metrlik məsafəyə yürüşdə kayakçımız Rüfət Vəlizadə bir nəfərlik, Rüfət Vəlizadə-Mirnazim Cavadov dueti iki nəfərlik, eləcə də kanoeçimiz Andrey Kraytor bir nəfərlik qayıqda 8-ci yeri tutmuşlar. 500 metrlik məsafəyə yürüşdə bir nəfərlik kanoe qayığı ilə çıxış edən A.Kraytor 5-ci olmuşdur. Həm M.Cavadov, həm də R.Vəlizadə bir nəfərlik kayak qayığında yenə də 8-ci yerlə kifayətlənmişlər.