Avropa Xalq Partiyasının prezidenti: münaqişələr tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü əsasında nizamlanmalıdır
Bakı, 18 iyun, AZƏRTAC
Avropa İttifaqı Şurasının sabiq prezidenti, Avropa Xalq Partiyasının prezidenti Donald Tusk bütün “Şərq Tərəfdaşlığı” məkanında davam edən regional münaqişələrin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü əsasında nizamlanmasına çağırıb.
Tusk bugünkü bəyanatında vurğulayıb ki, onun partiyası Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin tanınmış sərhədləri çərçivəsində onların ərazi bütövlüyünü dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, Tuskun bəyanatında işğalçılar və onların separatçı oyuncaqları tərəfindən spekulyasiya edilən “təyini-müqəddərat hüququ”nun adı belə çəkilmir.
Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ATƏT-in Minsk qrupunun səylərinin dəstəklənməsi bildirilir. İki digər prinsiplə yanaşı, məhz 1975-ci ilin Helsinki Yekun Aktı kontekstində təyini-müqəddərat hüququnun daxil olduğu ATƏT-in Minsk qrupunun baza prinsiplərinə istinad edilməsi faktı o deməkdir ki, Avropa Parlamentinin ən iri partiyalarından biri “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı dövlətlərindən hər hansı birinin ərazi bütövlüyünü pozan hansısa xarici təyini-müqəddəratı rədd edir.
Bu mövqeni vurğulamaq və spekulyasiyaya bəhanə yaratmamaqdan ötrü Tusk bilərəkdən öz bəyanatında “təyini-müqəddərat hüququ”nu xatırlatmayıb.