AVROPADA F-16 QIRICI TƏYYARƏLƏRİNİN SATIŞINA BAŞLANMIŞDIR
İşlənmiş qırıcılar bazarında son aylar ən populyar maşın Amerikanın F-16 təyyarələri olmuşdur. “Avrofayter Tayfun” təyyarələrinin bazara getdikcə geniş yol tapması F-16-ların satışının artmasına təkan vermişdir. F-16-ların beynəlxalq bazarda populyarlığı onunla izah edilir ki, bəzən satıcılar işlənmiş qırıcıların qiymətini 50 faiz aşağı salmağa hazırdırlar. Belə təyyarələrin qiyməti açıqlanmır. Hər halda, qiymət təyyarənin komplektlik dərəcəsindən, modelindən, buraxılış ilindən və vəziyyətindən asılıdır.
Məsələn, Çilinin ABŞ-da almaq istədiyi yeni qırıcı təyyarələrin hər biri ona təxminən 60 milyon dollara başa gələcəkdir. Yunanıstanın alacağı yeni qırıcıların dəyəri də təqribən bir o qədərdir - yunanlar 30 təyyarə üçün 1,6 milyard dollar ödəyəcəklər.
Noyabrın əvvəllərində məlum olmuşdur ki, Türkiyə 70-100 “Avrofayter” almaq niyyətindədir. Hazırda Türkiyə Hərbi Hava Qüvvələri F-16-larla silahlanmışdır. Bu təyyarələrin satılıb-satılmayacağı hələlik bildirilmir. Lakin təhlilçilərin fikrincə, “Avrofayter”lərin nəzərdə tutulan alış həcmi göstərir ki, türklər ABŞ təyyarələrinin də satışına başlaya bilər.
Hazırda İtaliya da öz F-16-larını “Avrofayter”lərə dəyişir. İndiyədək doqquz yeni qırıcı təyyarə alınmışdır.