Avropanın LNG tutumu 36,5 milyard kubmetr artıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Avropada mayeləşdirilmiş təbii qaz (LNG) idxalının sabitliyinə və tələbatın azalmasına baxmayaraq, LNG infrastrukturunun tutumunun tələbatın üzərində artdığı müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun məlumatına görə, 2022-ci ilin əvvəlindən Avropanın LNG tutumu 36,5 milyard kubmetr artıb.
Avropanın LNG idxalı keçən ilin yanvar-sentyabr aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 62 faiz artsa da, bu ilin həmin dövründə keçən illə müqayisədə 4 faiz artımla demək olar ki, sabit qalıb.
Avropa bu il altı yeni LNG terminalı, o cümlədən əvvəllər ehtiyatda olan bir terminal və yeni üzən anbar reqazizasiya qurğusu əlavə edib, lakin LNG idxalı durğunlaşıb və qaz istehlakı azalmağa davam edir. Yanvar-iyul dövründə LNG idxalına yalnız Avropa İttifaqı 41 milyard avro xərclədiyi halda, idxalın ən böyük hissəsi 17,2 milyard avro ilə ABŞ-dan, 5,5 milyard avro ilə Rusiyadan və 5,4 milyard avro ilə Qətərdən olub.
Yanvar-sentyabr aylarında Avropanın Rusiyadan LNG idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə sabit qalıb.
Avropada LNG idxal tutumunun 2030-cu ildə 406 milyard kubmetrə çatacağı və 2021-ci il səviyyəsi ilə müqayisədə 143 milyard kubmetr artacağı proqnozlaşdırılır.
Qitənin qaz tələbatını azaltmaq siyasəti davam etdiyi üçün qaz istehlakının təxminən 400 milyard kubmetrə qədər azalacağı təxmin edilir.