Avstraliya parlamentinin deputatları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 3 iyun, Elşad Qəzvini, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin deputatlarından ibarət nümayəndə heyəti iyunun 3-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Avstraliya parlamentariləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər. Onlara Şəhidlər xiyabanının tarixi və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Jurnalistlərə müsahibəsində deputat Luke Simpkins Azərbaycana səfərdən məmnun olduqlarını bildirib. O, səfər çərçivəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb.
Avstraliyalı deputat Azərbaycanda gedən inkişaf proseslərinin, xüsusilə də iqtisadi və sosial sahələrdə çiçəklənmənin təqdirəlayıq olduğunu vurğulayıb.