Avstriyada seçkiöncəsi təbliğat kampaniyası başa çatıb
Vyana, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Qanunvericiliyə uyğun olaraq, seçkidən öncəki gün “sükut günü”dür və seçkilərdə iştirak edəcək səkkiz partiya öz təbliğat kampaniyasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bütün partiyalar təbliğat dövrünün sonunda qarşılıqlı ittihamla yanaşı, diqqəti öz mərkəzi mövzularına yönləndiriblər. Siyasi platformaların təqdimatı ilə yanaşı, müxalifət partiyaları Avstriya Xalq Partiyası (ÖVP) və Avstriya Azadlıq Partiyasının (FPÖ) seçkilərdən sonra yenidən koalisiya quracağına dair xəbərdarlıq edib, seçiciləri “İbiza koalisiyası”nı dəstəkləməməyə çağırıblar. 2017-ci il parlament seçkilərindən sonra qurulan bu koalisiya Avstriya FPÖ-nün rəhbəri, hökumətin vitse-kansleri Haynts-Kristian Ştraxenin seçkidən öncə İspaniyanın İbiza adasında tətildə olarkən gizli çəkilən videogörüntüləri və orada səsləndirdiyi siyasi fikirlərə görə dağılmışdı və müxalifət partiyaları hökumətdə təmsil olunan hər iki partiyanı riyakarlıqda təqsirləndiriblər.
Seçkiöncəsi aparılan debatlarda ÖVP-nin sədri Sebastian Kurts və FPÖ-nün yeni sədri Norbert Hoferə tez-tez bu suallar ünvanlanıb: “Əgər onsuz da yenidən iki partiya arasında koalisiyalı hökumət quracaqdınızsa, onda koalisiyanı dağıdıb növbədənkənar seçkilərə getmək nəyə lazım idi?”
Təbliğat kampaniyasında Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) ənənəvi olaraq sosial rifah, səhiyyə və hamı üçün maddi cəhətdən mümkün ola bilən yaşayış və kirayə imkanları mövzularını qabardıb. Adından bəlli olduğu kimi “Yaşıllar” partiyası isə ekologiya mövzularında seçici qazanmağa çalışıb, iqlim böhranına həsr olunan ictimai-kütləvi tədbirlərdə də bu partiya öndə gedib və orada tərəfdarlar toplamağa diqqət ayırıb. Mərkəzçi-mühafizəkar ÖVP də öz elektoratını (iqtisadi dairələr, fermerlər və sənaye qurumları) maraqlandıran mövzulardan kənara çıxmayıb. Sağçı-radikal FPÖ də öz sevimli mövzusuna (miqrasiya və qaçqınlar, əcnəbilərə qarşı təbliğat, ksenefob və İslamofob çağırışlar) sadiq qalib, lakin partiyanın yeni sədri Norbert Hofer nisbətən yumşaq siyasi profili ilə də yadda qalıb.
Qeyd edilməlidir ki, seçki kampaniyasının əvvəli və sonu ilə müqayisədə sorğularda ÖVP-nin reytinqi 34 faizdən 36 faizə, SPÖ 21 faizdən 23 faizə, FPÖ 19 faizdən 21 faizədək yüksəlib.
Seçkilərin ilkin nəticəsi sentyabrın 29-da səsvermə məntəqələri bağlanandan az sonra elan ediləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana