Avstriyada tədrisdə yeni rəqəmsallaşma planı həyata keçiriləcək
Vyana, 18 iyun, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar məktəblərdə tədrisin dayanması, virtual tədrisə keçid və bu zaman şagirdlərin bir qisminin elektron cihazlarla yetərincə təmin olunmaması Avstriya hökumətini rəqəmsallaşma ilə bağlı yeni plan həyata keçirməyə vadar edib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Federal Təhsil naziri Haynts Fassmann səkkiz bənddən ibarət tədrisdə rəqəmsallaşma islahatını təqdim edib. Plana əsasən, 2021-2022-ci tədris ilindən etibarən ölkə üzrə bütün beşinci və daha yuxarı sinif şagirdlərinə tablet və noutbuklar paylanacaq. Elektron cihazların seçimini hər bir məktəb müstəqil şəkildə həyata keçirəcək. Fərdi şəkildə və tətillərdə də cihazlardan istifadə etmək istəyən şagirdlərin valideynləri pilləli sosial maliyyələşmə proqramına qoşula biləcəklər.
Nazir mətbuat konfransında “Rəqəmsal məktəb“ portalını da təqdim edib. Portal sinif jurnalı və şagird gündəliyini əvəzləyəcək, müəllim, valideyn və şagirdlər arasında kommunikasiyanı elektron formatda davam etdirəcək.
Eyni zamanda, nazir tədris üçün hazırlanan mobil tətbiqlərdən də danışıb. Qeyd edilib ki, hazırda çox sayda mobil tətbiqin mövcudluğu həm valideynlər, həm də müəllimlər üçün seçim çətinliyi yaradır. Buna görə də nazirlik yaxın gələcəkdə tədris məqsədli mobil tətbiqlər üçün keyfiyyət nişanı proseduru hazırlayacaq və tədris planına uyğun mobil tətbiqlərin seçimi asanlaşacaq.
Planın tərkibində, həmçinin məktəblərin genişzolaqlı internet şəbəkəsinə qoşulması və texniki təminatın yaxşılaşdırılması da yer alır. Federal hökumət planın icrası üçün növbəti iki ildə 200 milyon avro ayırıb.
Qeyd edilib ki, pandemiya tədricən aparılan rəqəmsallaşma prosesinin sürətləndirilməsinin vacibliyini nümayiş etdirib və tədris müəssisələri yaxın gələcəkdə oxşar böhran vəziyyətləri üçün daha yaxşı hazırlıq səviyyəsinə malik olmalıdırlar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana