AXALKALAKİDƏ YENİ KİLSƏ AÇILMIŞDIR
Gürcü Pravoslav Kilsəsi yerli yeparxiyasının nümayəndələri bildirmişlər ki, bir çox əsr əvvəl Axalkalakidə fəaliyyət göstərmiş pravoslav məbədi XX əsrin birinci yarısında bolşeviklər tərəfindən dağıdılmış və onun yerində Mədəniyyət evi inşa olunmuşdu.
Gürcüstan parlamentinin sədri Nino Burcanadze kilsənin açılış mərasimində demişdir ki, bu məbədin tikilməsi Axalkalaki şəhərinin və Samtsxe-Cavaxeti bölgəsinin həyatında mühüm hadisədir.
Yüksək dağlıq bölgədə yerləşən bu şəhərin azsaylı gürcü əhalisi indiyədək ya Tbilisidə, ya da Axalkalakiyə yaxın bölgələrdəki pravoslav kilsələrində ibadət edirdi. Yerli erməni əhali gürcü kilsəsinin açılış mərasimini kənardan seyr etmiş və hələlik bu proses onların etirazına səbəb olmamışdır. Lakin müşahidəçilər buradakı vəziyyəti nəzərə alaraq hesab edirlər ki, Axalkalakidə gürcü kilsəsinin açılmasının yerli ermənilərin etirazına səbəb olacağı qaçılmazdır.