Aydın Səfixanlı: İƏT nümayəndələri Füzuli və Ağdamda gördükləri barədə yekun hesabat hazırlayacaqlar
Ağdam, 3 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərimizdə - Füzulidə, Ağdamda İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) üzvləri faktaraşdırıcı monitorinq aparırlar. Onlar istər Füzulidə, istərsə də Ağdamda törədilmiş vəhşilikləri öz gözləri ilə gördülər. Komissiyanın əsas missiyası dini obyektlərin, qəbiristanlıqların monitorinqinin aparılması, beynəlxalq hüququn, beynəlxalq humanitar hüquq pozulması faktlarının yerində araşdırılmasıdır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı deyib.
“Nümayəndə heyəti işğaldan azad olunmuş yerlərdə Azərbaycan Hökumətinin gördüyü işlərlə, məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində aparılmış fəaliyyətlə də tanış oldu. Onlar əvvəlcə Qaraxanbəyli və Merdinli kəndlərində oldular. Orda məsciddə baş vermiş hadisələri öz gözləri ilə gördülər. Hətta məscidin içərisində qiblə tərəfdə ermənilər tərəfindən şeytanın şəklinin çəkilməsi onları qəzəbləndirdi. Bütün İslam aləmin təhqir olunması kimi qeyd edildi. Bu komissiyanın üzvləri tərəfindən yekun hesabat hazırlanacaq. Hesabatda aşkar edilən bütün hüquq pozuntuları qeyd olunacaq. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə müraciət ediləcək. Bu müraciət əsasən bərpa-quruculuq, minalardan təmizlənmə işlərinə köməyin göstərilməsi ilə bağlıdır. Həmçinin pozulmuş hüquq və azadlıqların bərpası istiqamətində də birgə fəaliyyət həyata keçiriləcək”, - deyə Aydın Səfixanlı bildirib.