Ayxan Qədəşov: Elektron ticarət turizm sənayesində yüksək səviyyədə inkişaf edib
Bakı, 22 iyun, AZƏRTAC
Onlayn mağazalar geniş məhsul seçimi və müxtəlif məhsulların qiymətlərini və xüsusiyyətlərini müqayisə etmək imkanı təqdim edir. Burada tək məhsul yox, həm də mağazalar üzrə də müqayisəli təhlil aparmaqla qısa zamanda ən uyğun seçimi tapmaq imkanı mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.
“Hesab edirəm ki, ölkəmizdə elektron ticarətin sürətli inkişafı pandemiya dövründən başladı. Kütləvi qapanmalar bizneslərin onlayn rejimə keçməsini zəruri etdi. Onlayn mağazaların saxlanma və əməliyyat xərcləri ənənəvi mağazalardan dəfələrlə aşağıdır. Buna misal olaraq, ənənəvi ticarətdə olan icarə, mühafizə, təmizlik və kommunal xərclərin onlayn mağazalarda olmadığını vurğulamaq yerinə düşər. Sadalanan xərclərdən azad olan sahibkar öz məhsullarını istehlakçılara daha münasib şərtlərlə təklif edə bilir. Bu da ölkəmizdə onlayn mağazaların sürətlə genişlənməsinə təkan verir”,- deyə o bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşma xidmət sektoruna da təsirsiz ötüşməyib: “Buna misal olaraq turizm sektorunu qeyd edə bilərik. Elektron ticarət turizm sənayesində yüksək səviyyədə inkişaf edib. Hotel, aviabilet və turlar üçün onlayn bronlaşdırma platformaları turistlərə öz səyahətlərini rahat şəkildə planlaşdırmağa imkan yaradır. Rəqəmsal həllərin genişlənməsi ödəniş xidmətləri sahəsində də ciddi dəyişikliklərə yol açıb. Hazırda onlayn ödəniş sistemləri, mobil bank əlavələri və elektron pul kisələri geniş istifadə olunur. Statistikaya əsasən, ölkəmizdə 2022-ci ildə mobil bankçılıq əməliyyatlarının həcmi 2021-ci illə müqayisədə 3 dəfə artıb”.
A.Qədəşov bildirib ki, hazırda sürətlə inkişaf edən sahələrdən biri də qida çatdırılması xidmətidir. Bir çox restoran xüsusi proqram təminatı və mobil əlavələr vasitəsilə qida çatdırılması xidməti təklif edir. Yaranan bu imkan istehlakçılar üçün əlverişli olmaqla yanaşı, iaşə sənayesində rəqabəti artırır və biznesin inkişafına təkan verir.