Azərbaycan alimləri neft-qaz sənayesində xərcləri azaldan model təklif ediblər
Bakı, 8 iyun, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları “Dərin hibrid modeldən istifadə etməklə neft avadanlığında nasazlıqların intellektual diaqnostikası” sərlövhəli məqalə “Springer” nəşriyyatının nüfuzlu “SN Applied Sciences” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.
Tədqiqatda neft avadanlığında nasazlıqların diaqnostikası üçün dərin hibrid model təklif edilib. Eksperimental qiymətləndirmə göstərir ki, təklif olunan dərin hibrid model digər müvafiq alqoritmlərindən üstündür və sistemin işi zamanı yaranan vibrasiya siqnalına əsasən elektrik sualtı nasosun imtinalarını avtomatik aşkar edə bilər. Təklif edilən yanaşma avadanlığın və mürəkkəb texniki sistemlərin vəziyyətinin avtomatik diaqnostikası zamanı mütəxəssislərin işini asanlaşdıra bilər.
“SN Applied Sciences” jurnalı “Web of Science”, “INSPEC”, “Google Scholar”, “CNKI”, “EBSCO Discovery Service” və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.