Azərbaycan Alpaqut Federasiyasında Gənclər Günü ilə bağlı tədbir keçirilib
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Azərbaycan Alpaqut Federasiyasında Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Əlamətdar gün münasibətilə təbriklərini çatdıran federasiya prezidenti Qüdrət Nuriyev Gənclər Gününün tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. Bu günün ölkəmizin ictimai-siyasi həyatındakı böyük əhəmiyyət daşıdığını vurğulayan federasiya rəsmisi bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman güclü görmək istəmiş, 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzalayaraq, gənclərimizi bir araya toplamışdır. 1996-cı il fevralın 2-də gənclərin ilk ümumrespublika forumunun keçirilməsinin və 1997-ci ildə Azərbaycan Gəncləri Gününün elan olunmasının ümummilli lider Heydər Əliyevin gənclərimizə hədiyyəsi olduğunu bildirən Q. Nuriyev ölkəmizdə gənclər siyasətinin böyük uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, bu gün müasir, müstəqil Azərbaycanda yüksək potensiala, güclü intellektə malik gənclik formalaşıb.
Sonra çıxış edən yazıçı Varis Yolçuyev, psixoloq Aytən Ələkbərova, federasiyanın vitse-prezidenti Hüseyn Babayev, Azərbaycanda yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyinin gənclərlə iş şurasının sədri Məhəmməd Xayipov və alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazov gənclərə xoş arzularını bildiriblər.
Sonra alpaqut Turan döyüş sənəti üzrə 2018-ci ilin ən fəal idmançılarına diplom və hədiyyələr təqdim edilib.